![]() |
|
Azərbaycanda ekoloji təmiz avtomobillər gömrük rüsumundan azad edilə bilər.
"Bunu Gömrük Komitənin rəsmisi Tariyel Alverdiyev deyib.
O bildirib ki, Dövlət Gömrük Komitəsi ölkəyə idxal olunan ekoloji təmiz avtomobillərin idxal rüsumundan azad olunması üçün hökumətə müraciət edib: "Təklifə əsasən idxal rüsumunun dərəcəsinin 0% olması nəzərdə tutulur.
Yunanıstandan Bolqarıstana təbii qaz nəqli üzrə çoxdan gözlənilən qaz kəməri iyunun sonunda hazır olacaq və sentyabr ayında istismara veriləcək.
“Report” Bolqarıstan KİV-inə istinadən xəbər verir ki, bu barədə Bolqarıstanın Baş naziri Kirill Petkov bildirib.
Onun sözlərinə görə, Yunanıstan-Bolqarıstan boru kəməri Bolqarıstanın daxili qaz istehlakında ən böyük paya malik olan Rusiya qazından asılılığını azaltmağa kömək edəcək.
Hazırda Bolqarıstan daxili qaz istehlakının demək olar hamısını Rusiyanın “Qazprom” şirkətindən idxal hesabına qarşılayır. Boru kəməri Rusiyanın Ukraynaya təcavüzündən sonra Avropanın son siyasətində əsas prioritet olan Rusiya qazından asılılığa son qoymaq üzrə bərpa olunan səylərə uyğun gəlir.
Öncədən 220 milyon avro dəyərindəki Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (Interconnector Greece – Bulgaria, IGB) 2020-ci ilə qədər başa çatdırılması planlaşdırılırdı, lakin layihə son illərdə bir sıra inzibati maneələrlə üzləşdi və nəticədə uzun müddət gecikmə oldu.
Bolqarıstanın Baş naziri Yunanıstanın Komotini şəhərində tikinti sahəsi ilə tanış olduqdan sonra “İyun bizim üçün çox vacib olan bu layihənin başa çatması üçün son tarix olacaq” deyib.
Qeyd edək ki, IGB Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz" qaz kondensat yatağının II mərhələdə istismarı çərçivəsində hasil edilən "mavi yanacağ"ın Bolqarıstana nəqlini nəzərdə tutur. TAP-a qoşulacaq bu kəmər vasitəsilə Bolqarıstan Azərbaycandan ildə 1 milyard kubmetr təbii qaz idxal edəcək. Belə ki, “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından bu miqdarda qaz almaq üçün "Şahdəniz" konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycan təbii qazı hesabına Bolqarıstan qaz tələbatının 25-30 %-ni ödəyə biləcək. IGB-də tikinti işlərinin gələn ilin ikinci yarısında başa çatacağı gözlənilir.
Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometri Bolqarıstan ərazisindən keçəcək. Kəmərin illik ötürücülük gücü 3-5 milyard kubmetr həcmində nəzərdə tutulur.
Cənub Qaz Dəhlizinin inkişafı çərçivəsində İGB vasitəsilə Cənub-Şərqi və Mərkəzi Avropa ölkələri Xəzər regionundan alternativ tədarüklərə və mayeləşdirilmiş təbii qaz idxal etmək imkanına malik olacaqlar.
O, həmçinin cənubdan şimala qaz tədarükü üçün Şaquli Qaz Dəhlizinin əsas olduğu regional infrastruktur layihələrindən də danışıb. “EastMed” boru kəməri bölgə ölkələrinə Kipr, İsrail və Şərqi Aralıq dənizindəki qaz yataqlarına çıxışı təmin edəcək.
Son günlərdə bəzi kütləvi informasiya vasitələrində un bazarında qiymət artımı ilə bağlı məlumatlar yayımlanır.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti verdiyi məlumata görə, dünyada baş verən iqtisadi və siyasi hadisələr nəticəsində qlobal və idxal bazarlarında ərzaqlıq buğdanın qiymət artımı müşahidə olunur: “Bununla belə, ölkədə bayramqabağı ərzaq məhsullarına tələbatın yüksəlməsi fonunda yerli un və un məhsulları satışı bazarında mövcud vəziyyətdən sui-istifadə hallarının və qiymətlərin əsassız olaraq dəyişilməsinin qarşısının alınması məqsədilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti mütəmadi monitorinqlər və ciddi nəzarət tədbirləri həyata keçirir. Bu sahədə kartel sövdələşmələri (qiymət razılaşmaları), qiymət manipulyasiyaları və digər antiinhisar qanunvericiliyinə zidd hərəkətlərin əlamətləri aşkar edildiyi təqdirdə təxirəsalınmaz sərt addımlar atılacaq”.
Qeyd edək ki, “Azərbaycanda antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirasalınmaz tədbirlərin gücləndirilməsi haqqında” Nazirlər Kabinetinin Sərəncamından irəli gələrək, Dövlət Xidməti antiinhisar qanunvericiliyinin tələblərinə riayət olunması nöqteyi-nəzərindən ərzaq məhsulları bazarında araşdırmaların aparılmasını prioritet sahələr siyahısına daxil edib. Bu tədbirlər çərçivəsində artıq bir sıra bazar subyektlərinə öz qiymət siyasətinin əsaslandırılması məqsədilə sorğular göndərilərək məlumatların təqdim edilməsi tələb olunub.
Xatırladaq ki, Azərbaycanda ərzaqlıq buğdanın, unun və çörəyin qiyməti tənzimlənən tariflər əsasında deyil, bazar iqtisadiyyatı prinsiplərinə uyğun olaraq tələb-təklif əsasında formalaşır. Bununla yanaşı, ilin əvvəlində iri un və çörək istehsalçıları unun qiymətinin bahalaşması ilə bağlı vətəndaşlara müraciət ediblər. Onlar, qida təchizatında önəmli rollarını dərk edərək, unun qiymətinin ərzaqlıq buğdanın cari qiyməti ilə uyğunlaşdırılacağı halda, çörək və un məmulatlarının qiymətinin 2022-ci ilin taxılın biçin-tədarük dövrünədək müəyyən olunan səviyyədən yuxarı qalxmaması üçün bütün səylərini səfərbər edəcəklərini bildiriblər.
Dövlət Xidməti bildirir ki, un istehsalçıları unun topdansatış qiymətləri, topdansatış mərkəzləri və məntəqələri, habelə iş vaxtı və əlaqə nömrələrinə dair məlumatları mütəmadi olaraq Dövlət Xidmətinə bəyan edirlər. Dövlət Xidməti isə informasiya əlçatanlığını təmin etmək məqsədilə həmin məlumatları rəsmi internet səhifəsində (//competition.gov.az/az/page/melumat-merkezi/faydali/un-istehsalcilarinin-topdansatis-menteqeleri-satis-qiymetleri-ve-is-vaxti-barede-melumat) yerləşdirir. Bu məlumatlar mütəmadi olaraq yenilənir.
İstehlakçılar və sahibkarlar qiymət manipulyasiyası halları ilə rastlaşdıqda Dövlət Xidmətinə müraciət edə bilərlər.
Torpaq sahələrinin qiymətində ildən-ilə artım müşahidə edilir. Ekspertlərin sözlərinə görə, ötən illə müqayisədə bu il qiymət artımı 15-20 faiz civarındadır.
Əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə bildirib ki, bahalaşmaya əsas səbəb ildən-ilə tələbatın çoxalması, torpaq sahələrinin isə azalmasıdır.
Ekspert əlavə edib ki, yaxın aylar ərzində qiymətlərdə dəyişiklik gözlənilmir.
"Azərbaycan Dəmir Yolları" QSC sabahdan Bakı-Gəncə sürət qatarının hərəkətini bərpa edəcək.
Bu barədə "Yol-xeber.az"a qurumdan bildirilib.
Məlumata görə, sərnişinlərin rahatlığını təmin etmək məqsədilə qatar gündəlik əsasda fəaliyyət göstərəcək. Bakıdan 08:00-da yola düşən və Gəncəyə 11:40-da çatan qatar həmin gün 18:00-da Gəncədən çıxacaq və 21:35-də Bakıda olacaq. Gəncə istiqamətində yolda olma müddəti 3 saat 40 dəqiqə, Bakıya dönüşdə isə 3 saat 35 dəqiqə təşkil edəcək.
Bakı-Gəncə qatarına biletlərin satışına bu gündən start verilib. Bilet alışı zamanı yaşı 18-dən yuxarı olan sərnişinlərdən peyvənd sertifikatı, əks-göstəriş sertifikatı və ya immunitet sertifikatı tələb olunur. Sərnişinlər qatarda olarkən tibbi maskalardan istifadə etməlidirlər.
Bakı-Gəncə marşrutu üzrə sərnişinlərə İsveçrənin “Stadler Rail Group” şirkətinin istehsalı olan KISS markalı oturacaq tipli ikimərtəbəli elektrik qatarı xidmət edir.
Qatarda 9-u birinci klass yeri, 62-si biznes yeri və 296-sı isə standart yer olmaqla, cəmi 367 oturacaq yer mövcuddur. Gediş haqqı standart yerlər üçün 20 manat, biznes yerlər üçün isə 33 manat təyin olunub. Hazırda qatarda qidalanma xidməti göstərilmir.
Qatarın hərəkət cədvəli və gediş haqqı tarifləri barədə daha ətraflı məlumatı ticket.ady.az saytından əldə etmək olar.
Beynəlxalq məsləhətçi şirkətlərin “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) maliyyə dayanıqlılığının təmin edilməsinə dair tövsiyələrinə uyğun olaraq Bakı-Gəncə sürət qatarı üçün gediş haqları dəyişdirilib. Bundan sonra əldə olunan gəlir artsa da, yeni tariflər hesabına xərcin yalnız bir qismini ödəmək mümkündür. Bu gün ADY sərnişin daşımalarında yaranan zərəri yüklərin daşınmasından əldə etdiyi gəlirlər hesabına qarşılayır.
Bakı-Gəncə qatarının hərəkəti koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə 2020-ci ilin mart ayında dayandırılmışdı. Həmçinin bu dövrdə Bakı-Böyük Kəsik xəttində, o cümlədən xəttin Ucar-Gəncə hissəsində elektrik təchizatı sisteminin 3 kV sabit cərəyandan 25 kV dəyişən cərəyana keçirilməsi istiqamətində işlər aparılıb. Bakı-Gəncə qatarının hərəkətinin bərpa edilməsi Ucar-Gəncə hissəsində işlərin bitməsindən sonra mümkün olub.
Bu günədək Bakı-Böyük Kəsik xəttinin yalnız Ucar-Böyük Kəsik hissəsi dəyişən cərəyana keçirilib. Ucar-Bakı hissəsində də analoji işlərin aparılmasına başlanılıb. Bu işlərin aparılması davam etdikcə Bakı-Gəncə qatarının fəaliyyətində fasilələrin yaranması mümkündür. ADY sərnişinlərdən bu məsələyə anlaşıqla yanaşmağı xahiş edir və yarana biləcək narahatlığa görə üzr istəyir.
Dəyişən cərəyana keçid enerji resurslarının istifadəsində qənaətə, xərclərin azalmasına, təmir və texniki xidmətin optimallaşdırılmasına, istismarın etibarlılığının artırılmasına və nəticə etibarilə yük və sərnişin daşınmasının yaxşılaşmasına gətirib çıxaracaq.
Həmçinin Bakı-Gəncə sürət qatarının marşrutunun Ağstafa stansiyasına qədər uzadılması istiqamətində işlər həyata keçirilməkdədir. Hazırda qatar Bakı, Biləcəri, Yevlax, Goran və Gəncə stansiyalarında dayanır.
“Azərbaycan Dəmir Yolları” QSC sabahdan Bakı-Gəncə sürət qatarının hərəkətini bərpa edəcək.
“Yol-xeber.az”ın məlumatına görə, qatarda 9-u birinci klass yeri, 62-si biznes yeri və 296-sı isə standart yer olmaqla, cəmi 367 oturacaq yer mövcuddur. Gediş haqqı standart yerlər üçün 20 manat, biznes yerlər üçün isə 33 manat təyin olunub.
Birinci klass yerlər üzrə gediş haqqı isə dəyişdirilməyərək 100 manat məbləğində saxlanılıb.
Digər məsafələr üzrə də standart yerlərin qiymətində artım, biznes yerlərin qiymətində azalma müşahidə olunur.
Qeyd edək ki, qurum da beynəlxalq məsləhətçi şirkətlərin maliyyə dayanıqlılığının təmin edilməsinə dair tövsiyələrinə uyğun olaraq Bakı-Gəncə sürət qatarı üçün gediş haqlarını dəyişdirdiyini bildirib.
Rusiya və Ukrayna arasında sülh danışıqlarında kiçik irəliləyişin daha sərt sanksiyalar və neft tədarükünün uzun müddət kəsilməsi ehtimalını artırmasından sonra neft sürətlə bahalaşıb.
“Brent” markalı neft fyuçersləri cümə axşamı günü 2020-ci ilin ortalarından bəri ən böyük faiz artımı ilə 9% artdıqdan sonra yenidən 2,75 dollar və ya 2,6% artaraq 1 barel üçün 109,39 dollara çatıb.
ABŞ-ın Qərbi Texas (WTI) xam neftinin fyuçersləri isə 2,93 dollar və ya 2,9% artaraq 105,91 dollar/barelə çatıb.
Qeyd edək ki, Rusiya və Ukrayna danışıqlarının dördüncü günü videobağlantı vasitəsilə baş tutub, lakin Kreml razılığın hələ əldə edilmədiyini bildirib.
Xatırladaq ki, neft qiymətləri iki həftə öncə 14 ilin ən yüksək həddinə çatdıqdan sonra aşağı enməyə başlamışdı.
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.
"Avronun məzənnəsi 0,4% artaraq 1,8832 manat, Rusiya rublunun məzənnəsi 6,8% geriləyərək 0,0165 manat, türk lirəsi 0,6% ucuzlaşaraq 0,1155 manat təşkil edib.
ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.
15.03.2022-ci il vəziyyətinə görə:
1 Füzuli -– Hadrut avtomobil yolu
- texniki göstəricilər: 12 km, I texniki dərəcəli, 4 hərəkət zolaqlı.
- görülən işlər: torpaq işləri 42%, yol geyimi 23%, boru və keçidlərin tikintisi 21% icra olunub. Yolun 300 m hissəsində asfalt-beton örtüyün alt layı tikilib.
- işlərin başa çatdırılması: 2022-ci il.
2 Hadrut-Tuğ-Azıx mağarası avtomobil yolu
- texniki göstəricilər: 22 km, IV texniki dərəcəli, 2 hərəkət zolaqlı.
- görülən işlər: mövcud yol örtüyü frez maşını vasitəsilə profilə salınır, 2700 m hissədə asfalt-beton örtüyün alt layı tikilib, 800 m ərazidə yolun dağılmış hissəsi qazılaraq ərazidən uzaqlaşdırılır və yeni yol əsası tikilir.
- işlərin başa çatdırılması: 2022-ci il.
3 Bərdə – Ağdam avtomobil yolu
- texniki göstəricilər: 45 km, I texniki dərəcəli, 4 hərəkət zolaqlı.
- görülən işlər: torpaq işləri 57%, yol geyimi 19%, boru və keçidlərin tikintisi işləri 45%, körpülərin tikintisi 93% icra olunub.
- işlərin başa çatdırılması: 2022-ci il.
4 Qubadlı - Eyvazlı avtomobil yolu
- texniki göstəricilər: 28.5 km, IV texniki dərəcəli, 2 hərəkət zolaqlı.
- görülən işlər: yolda qaya qruntları dağıdılmaqla torpaq yatağının tikintisi işləri aparılır. Yolun 8 km-də torpaq yatağının genişləndirilərək normativ enə çatdırılması işləri başa çatıb.
- işlərin başa çatdırılması: 2022-ci il.
5 Qubadlı - Mahmudlu - Yazdüzü - Ermənistan sərhədi avtomobil yolu
- texniki göstəricilər: 26,4 km, IV texniki dərəcəli, 2 hərəkət zolaqlı.
- görülən işlər: yolun layihələndirməsi işləri aparılır.
- işlərin başa çatdırılması: 2022-ci il
6 Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun tikintisi
- texniki göstəricilər: 726.3 km, IV texniki dərəcəli, 2 hərəkət zolaqlı.
- görülən işlər: yollarda torpaq işləri 83%, torpaq yatağının və yol geyiminin tikintisi işləri 25%, boruların tikintisi 95%, yol nişanları 82% icra olunub.
- işlərin başa çatdırılması: 2022-ci il.
7 Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisi
- texniki göstəricilər: 32 km, III texniki dərəcəli, 2 hərəkət zolaqlı.
- görülən işlər: avtomobil yolunun layihələndirilməsi ilə paralel olaraq, torpaq işləri həyata keçirilir, 13-24 cü km hissədə torpaq yatağının və 1 körpünün tikintisi davam etdirilir.
- işlərin başa çatdırılması: 2022-ci il.
8 Laçın rayonunda hava limanının tikintisi ilə əlaqədar qazma-partlatma və torpaq işlərinin yerinə yetirilməsi
- görülən işlər: Layihələndirmə və mobilizasiya işləri aparılır, paralel olaraq 10 ha sahədə ərazinin təmizlənməsi işləri görülür
- işlərin başa çatdırılması: 2022-ci il
9 Talış – Tapqaraqoyunlu – Qaşaltı – Naftalan avtomobil yolu
- texniki göstəriciləri: 22 km, II-IV texniki dərəcəli, 2 hərəkət zolaqlı.
- görülən işlər: Yolun ilk 8.5 km və 9-22-ci km hissələrində torpaq işləri bitib, suötürücü boruların və yol geyiminin tikintisi işləri davam etdirilir.
- işlərin başa çatdırılması: 2022-ci il.
10 Xudafərin – Qubadlı -– Laçın avtomobil yolu
- texniki göstəricilər: 70.4 km, I texniki dərəcəli, 4 hərəkət zolaqlı.
- görülən işlər: Qubadlı - Laçın istiqamətində 45 km, Xanlıq istiqamətində 14 km hissədə torpaq yatağının və körpülərin tikintisi işləri aparılır. Torpaq işləri 47%, yol geyimi 10%, boru və keçidlərin tikintisi 25%, körpülərin tikintisi 24%, istinad divarlarının tikintisi 22% icra olunub.
- işlərin başa çatdırılması: 2023-cü il.
11 Şükürbəyli - Cəbrayıl - Hadrut avtomobil
- texniki göstəricilər: 39.7 km, I texniki dərəcəli, 4 hərəkət zolaqlı.
- görülən işlər: torpaq işləri 58%, yol geyimi 17%, boru və keçidlərin tikintisi 64%, körpülərin tikintisi 56% icra olunub.
- işlərin başa çatdırılması: 2023-ci il.
12 Ağdam – Füzuli avtomobil yolunun tikintisi
- texniki göstəricilər: 64,8 km, I texniki dərəcəli, 4 hərəkət zolaqlı.
- görülən işlər: torpaq işləri icra olunur, paralel olaraq layihələndirmə aparılır. Torpaq işləri 3% icra olunub.
- işlərin başa çatdırılması: 2023-cü il.
13 Əhmədbəyli – Füzuli – Şuşa avtomobil yolu
- texniki göstəricilər: 81.6 km, I texniki dərəcəli, 6-4 hərəkət zolaqlı.
- görülən işlər: layihə boyu torpaq yatağı inşa olunur, həmçinin 8 körpünün, 6 tunelin və 5 alt keçidin tikintisi aparılır.
- işlərin başa çatdırılması: 2024-cü il.
14 Əhmədbəyli - Horadiz – Cəbrayıl – Zəngilan – Ağbənd yeni avtomobil yolu
- texniki göstəricilər: 123.6 km, I texniki dərəcəli, 4 hərəkət zolaqlı.
- görülən işlər: yol boyu torpaq yatağının tikintisi aparılır. Torpaq işləri 50%, boru və keçidlərin tikintisi 35%, körpülərin tikintisi 48% icra olunub.
- işlərin başa çatdırılması: 2024-cü il.
15 Kəlbəcər -– Laçın avtomobil yolu
- texniki göstəricilər: yol – 72.3 km, I-II texniki dərəcəli, 2-3 hərəkət zolaqlı, tunel - 9.8 km.
- görülən işlər: mobilizasiya və torpaq işləri həyata keçirilir. Umumi icra vəziyyəti 2% təşkil edir.
- işlərin başa çatdırılması: 2025-ci il.
16 Toğanalı – Kəlbəcər – İstisu avtomobil yolu
- texniki göstəricilər: yol – 80.7 km, I-II texniki dərəcəli, 2-3 hərəkət zolaqlı, Murovdağ tuneli – 11.6 km; tunel 1 – 6.3 km.
- görülən işlər: yolun 12-13 və 26-28 km-də torpaq yatağının inşası, həmçinin zəruri nöqtələrdə suötürücü boruların inşası davam edir. 8.5-8.7 və 12.8-13.5-ci km hissələrdə mövcud kanalların köçürülməsi, həmçinin bəzi ərazilərdə suötürücü boruların inşası tamamlanıb, 26-26.5-ci km-də kanalın inşası isə davam edir. Murovdağ tunelinin giriş və çıxışında üst yarı qazma işləri toplam 1857 m təşkil edir. Tunel 1-in çıxış portalında isə qazma işlərinə başlanılıb.
- işlərin başa çatdırılması: 2026-cı il.
BÜTÜN YOLLAR QARABAĞA APARIR...
“Yaxın günlərdə ölkəmizdə nə taxılın, nə də şəkərin qiymətində artım gözlənilir”.
Bunu “Xəzər Xəbər”ə müsahibəsində iqtisadçı-ekspert Altay İsmayılov deyib.
Bir neçə gün əvvəl Rusiya taxıl və şəkərin ixracına qadağa qoydu. Sosial şəbəkələrdə və bir sıra kütləvi informasiya vasitələrində bu qadağanın Azərbaycan bazarına da təsir edəcəyi ilə bağlı müzakirələr aparılır. İqtisadçı-ekspert Altay İsmayılov bildirir ki, Rusiya rəsmilərinin açıqlamalarına görə, bu qadağa Avrasiya İttifaqı ölkələrinə tətbiq ediləcək. Ekspertin sözlərinə görə, buna rəğmən, indidən dünya taxıl və şəkər bazarında mənfi təsirləri görmək mümkündür. Bu təsirlər zaman keçdikcə dünya bazarında taxıl və şəkərdə qıtlığa səbəb ola bilər.
Altay İsmayılov deyir ki, Azərbaycan Rusiyadan əhəmiyyətli miqdarda taxıl idxal edir, şəkər idxalında isə fərqli mənzərə yaşanır.
Ekspertin fikrincə, bu qadağalar hələlik Avrasiya İttifaqı ölkələrinə şamil edildiyindən Azərbaycanda yaxın günlərdə taxılın və şəkərin qiymətində artım gözlənilmir. Ancaq gün keçdikcə vəziyyət dəyişilə bilər. A.İsmayılov ölkəmizdə bu məhsulların qiymətində artım olmaması üçün hansı qabaqlayıcı tədbirlərin görülməsi ilə bağlı fikirlərini bölüşüb.
Qeyd edək ki, BMT qlobal bazarda qiymət artımlarının davam edəcəyini bəyan edib. Təşkilatın hesablamalarına görə, dünya bazarında ərzaq məhsullarının qiymətləri növündən asılı olaraq ən azı 8-22 faiz intervalında yüksələcək.