Azərbaycanda “Notariat haqqında” qanuna bir sıra əlavə və dəyişikliklər təklif olunur.

Dəyişikliklərə əsasən Azərbaycanda notariuslar xarici rəsmi sənədləri şəhadətnamə (apostil) verildikdə leqallaşdırmadan qəbul edə biləcək.

Müvafiq qanun layihəsinə əsasən, notariuslar “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya” ilə müəyyən edilmiş hallarda xarici rəsmi sənədə kağız və yaxud elektron formada həmin Konvensiya ilə nəzərdə tutulan şəhadətnamə verildikdə leqallaşdırmadan qəbul edə biləcəklər. Bu zaman elektron formada verilmiş şəhadətnamə bu qanunun 27-ci maddəsində nəzərdə tutulmuş notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimata uyğun olaraq yoxlanıldıqdan sonra qəbul ediləcək.

Eləcə də, Azərbaycanda notariuslar tərcüməçinin gücləndirilmiş elektron imza ilə təsdiq etdiyi tərcüməni özləri də təsdiq edə biləcək. Bu halda, notarius tərcümənin mətninə görə məsuliyyət daşımayacaq.

Həmçinin “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanuna da əlavə və dəyişikliklər təklif olunur ki, qanun layihəsi hazırlanarkən "Notariat haqqında" qanuna istinad edilib.

Belə ki, dəyişikliklə Azərbaycanda notariuslar kommersiya hüquqi şəxsinin təsisçiləri və onların nizamnamədəki payları, eləcə də kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında şəhadətnaməsini və nizamnaməsini elektron informasiya sistemləri vasitəsilə elektron sorğu əsasında əldə edəcək.

Azərbaycanın Gürcüstan və Türkiyə ilə quru sərhədlərinin mayın 1-dən açılacağı iddia edilir.

Etibarlı mənbənin Globalinfo.az-a verdiyi məlumata görə, mayın 1-dən etibarən bu iki ölkə ilə quru sərhədlərin açılması gözlənilir.

Ekspertlər hesab edirlər ki, bu addım yay mövsümünün gəlməsi ilə əlaqədar atılır. Belə ki, yüksək qiymətə satılan aviabiletlər hər kəsə əlçatan olmadığı üçün belə bir qərarın verilməsi gözlənilir.

Məlumatın hələ rəsmən təsdiqlənmədiyi qeyd edilisə də, artıq bu barədə müvafiq işlərə başlanıldığı deyilir.

Xatırladaq ki, bir qədər əvvəl Gürcüstan mediasının ölkə rəhbərliyindəki mənbəsinə istinadən verdiyi xəbərdə Azərbaycanla sərhədlərin mayın 1-dən açılacağı yazılmışdı.

Daxili bazarda inflyasiyanın pikdən azalma dinamikası müşahidə edilsə də, tələb-təklif amillərinin gözlənilən dəyişimi və iqtisadi subyektlərin davranışları ilə bağlı qeyri-müəyyənliklər qalmaqdadır.

"Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) açıqlamasında qeyd olunur.

Bildirilir ki, stimullaşdırıcı fiskal siyasət və ölkənin xarici valyuta daxilolmalarının artması şəraitində məcmu tələb genişlənir və qeyri-neft sektorunda iqtisadi artım yüksək olaraq qalır. Cari ilin əvvəlindən reallaşdırılan 4-cü sosial islahat paketi və kredit aktivliyinin davam etməsi məcmu tələbin əsas komponenti olan istehlakı dəstəkləyir. Banklar və qeyri-bank kredit təşkilatları üzrə kredit portfelinin illik artımı bir qədər səngisə də, yüksək olaraq qalır və cari ilin fevralında 15,7% təşkil edib. İlin əvvəlindən bəri qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən bəzi xidmətlərin (məhsulların) qiymətlərinin dəyişdirilməsi ilə bağlı qəbul edilmiş qərar inflyasiya gözləntilərinə təsir edə bilər.

"Qeyd olunanlar proqnozlaşdırılan inflyasiyanın qəbul edilmiş hədəfi hələ də üstələməsinə təsir edir. Baza ssenari üzrə fərziyyələrlə 2023-cü ildə illik inflyasiyanın 8% ətrafında olacağı proqnozu dəyişməz qalır", - deyə açıqlamada qeyd olunur.

Sabah Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin faiz dəhlizinin parametrlərinə dair növbəti qərarı açıqlanacaq.

“Bu barədə AMB məlumat yayıb.

Görüntülər göstərir ki, İran Naxçıvanla sərhədə silah-sursat və canlı qüvvə yığmaqda davam edir. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan ilə sərhəddə uğursuz təlimlər keçirən Tehran yenə də təhdid yolunu davam etdirir. Aydındır ki, bu təlimlər və təhdidlər regiondakı yeni düzəni dəyişmək gücündə deyil. Digər tərəfdən, Tehran rejiminin müsəlman qonşusu ilə təhdid alətlərinə üstünlük verməsinin özü də İranın xarici siyasətinin qüsurlu olduğunu göstərir.

Bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib. O bildirib ki, bu siyasətdən itirən tərəf, təbii ki, Tehran özü olacaq. Azərbaycan bütün təhdidlərə cavab vermək gücündədir.

 Millət vəkili məsələnin iqtisadi tərəflərinə də toxunub: "İran ilə Azərbaycan arasında ticarət dövriyyəsi ötən il 476 milyon 438 min dollar olub. İran ölkəmizdən 29 milyon 831 min dollarlıq mal alıb. Bu o deməkdir ki, İran 2022-ci ildə Azərbaycana 446 milyon 607 min dollar dəyərində məhsul ixrac edib". 

"Deməli, Azərbaycan ilə ticarət əlaqələrində İranın illik xalis qazancı 446 milyon dollardır. Bu isə həm də o deməkdir ki, İranın qüsurlu xarici siyasəti xarici iqtisadi əlaqələrə yansıyarsa, o zaman itirən tərəf məhz Tehran olacaq. İranda inflyasiya səviyyəsinin kifayət qədər yüksəlməsi və xarici valyutaya tələbin kəskin artdığını nəzərə aldıqda, biznes üçün bu heç də kiçik rəqəm deyil".

 

 

 

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

Avronun məzənnəsi 1,11% artaraq 1,8304 manat, Rusiya rublunun məzənnəsi 1,35% geriləyərək 0,0220 manat, Türkiyə lirəsi 0,34% ucuzlaşaraq 0,0891 manat təşkil edib.

ABŞ dollarının məzənnəsi isə dəyişməyərək 1,7000 manat olub.

“ABŞ Federal Ehtiyatlar Sistemi (FED) uçot dərəcəsinin 4.75 faizdən 5.0 faizədək artırılması ilə bağlı qərar qəbul etdi. Birləşmiş Ştatlarda uçot stavkası 2007-ci ildən bəri ən yüksək həddədir”.

Bunu millət vəkili, iqtisadçı Vüqar Bayramov öz feysbuk hesabında yazıb.

Onun sözlərinə görə, FED artım qərarını ABŞ-də inflyasiya səviyyəsinin gözləniləndən daha yüksək olması ilə əlaqələndirib:

“Belə ki, ABŞ-də illik 6.0 faiz inflyasiya dərəcəsi qeydə alınıb. İnflyasiyanın əvvəlki ilə nisbətən səngiməsi müşahidə olunsa da, bu, FED-in hədəflədiyi 2.0 faizlik intervaldan hələ də xeyli uzaqdır.

Bu gün Azərbaycan-Rusiya sərhədində yerləşən “Xanoba” gömrük postunun yenidənqurmadan sonra açılış mərasimi keçirilib.

Report xəbər verir ki, tədbir iki ölkənin rəsmi şəxslərinin iştirakı ilə baş tutub.

Mərasimdə çıxış edən Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev bildirib ki, Rusiya ilə bütün sahələrdə səmərəli və işgüzar əməkdaşlıq qurulub.

Onun sözlərinə görə, ötən il iki ölkənin ticarət dövriyyəsinin dəyəri əvvəlki illə müqayisədə 24% artaraq 3,7 milyard ABŞ dollarına çatıb.

Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi üzrə ölkələrimiz arasındakı səmərəli əməkdaşlıqdan, Azərbaycan tərəfinin yol infrastrukturunun yenidən qurulması, logistika imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlərdən danışan Ş.Mustafayev “Xanoba” sərhəd-buraxılış məntəqəsinin sərhədkeçmə proseslərinin sürətləndirilməsi, yükdaşımaların artırılması, nəqliyyat və sərnişin axınının səmərəli tənzimlənməsi üçün əhəmiyyətli rol oynayacağını diqqətə çatdırıb.

Hökumət rəsmisi əlavə edib ki, Azərbaycan Şimal-Cənub dəhlizi ilə yükdaşımaların illik həcminin 15 milyon tona çatdırılmasına hazırdır:

“Bu artım iki ölkə arasında logistikanı inkişaf etdirəcək”.

Zəngəzur dəhlizinin tərkib hissəsi olan Horadiz-Ağbənd dəmiryolu və avtomobil yolunun tikintisi 2024-cü ildə başa çatacaq.

Bunu Baş nazir Əli Əsədov parlamentdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı üzərinə düşən vəzifəni yerinə yetirməkdədir və nəzərdə tutulan işlər qrafikdə nəzərdə tutulduğu zamanda başa çatacaq.

Baş nazir əlavə edib ki, ölkə başçısının yürütdüyü məqsədyönlü islahatlar Şərqi Zəngəzur və Qarabağın sürətli inkişafına xidmət edir.

Ə.Əsədov onu da bildirib ki, Şərqi Zəngəzur və Qarabağın yenidən qurulması, inkişafı üçün 6,5 mlrd manat vəsait ayrılıb və onun 4,3 mlrd manatı icra olunub.

"Bakı Metropoliteni" QSC-nin iş rejimində dəyişiklik edilir.

Qurumun Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun verdiyi məlumata görə, martın 19-21-i şəhər mərkəzinə, bayram gəzintisi və müxtəlif tədbirlərin keçiriləcəyi məkanlara yaxın stansiyalarda əlavə işçi qüvvəsi cəlb edilməklə növbətçilik cədvəli tərtib olunub.

B.Məmmədov qeyd edib ki, 19-21 martda “Həzi Aslanov”-“28 May” sahəsində qatarların hərəkəti 2,5 dəqiqəlik, ayın 22-24-də isə 3 dəqiqəlik intervalla tənzimlənəcək:

“Bu stansiyada Qırmızı və Yaşıl xətlər birləşdiyindən “İçərişəhər” və “Dərnəgül” stansiyaları istiqamətində qatarların hərəkət intervalı iki dəfə çox olacaq. Bununla belə, sərnişin axınının tənzimlənməsi məqsədilə “Nərimanov” elektrik deposunda ehtiyat qatarlar saxlanılacaq və zərurət yaranacağı təqdirdə xəttə buraxılacaq.

“Bakmil” istiqamətinə və əksinə hərəkət edən sərnişinlərin diqqətinə çatdırılır ki, qatarların hərəkət cədvəli martın 19-21-də şənbə günü qrafikinə, ayın 22-24-də isə bazar günü qrafikinə uyğun olacaq”.

Xəbər lenti