Rafiq Hüseynov Avropa çempionu oldu
Azərbaycan yunan-Roma güləşçisi Rafiq Hüseynov İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında final görüşünə çıxıb.

 82 kq çəki dərəcəsində rəqib bolqarıstanlı Daniel Tixomirov Aleksandrov olub.

Görüş azərbaycanlı pəhləvanın qələbəsi ilə yekunlaşıb - 2:1. Bununla da Hüseynov karyerasında ikinci dəfə Avropa çempionu olub. O, daha əvvəl 2011-ci ildə 74 kq çəkidə qitə birincisi olub.

Azərbaycan yunan-Roma güləşçiləri Avropa çempionatını 2 qızıl, 4 bürünc medalla başa vurub. Daha əvvəl Sənan Süleymanov (77 kq) qızıl, Eldəniz Əzizli (55 kq), Murad Bazarov (60 kq), Ülvi Qənizadə (72 kq) və İslam Abbasov (87 kq) bürünc medala sahib olublar.

Qeyd edək ki, ümumilikdə 6 medal qazanan yunan-Roma güləşi millimiz Avropa çempionatlarında medalların sayına görə tarixinin ən yaxşı nəticəsinə imza atıb.

İnsan vaxtından əvvəl niyə ölür?
ABŞ-ın Con Xopkins Universitetinin mütəxəssislərinin gəldiyi qənaətə görə, daha fəal fiziki aktivlik vaxtından əvvəl ölümün qarşısını alan əsas amillərdən biridir.

 C.Xopkins Universiteti bununla bağlı uzunmüddətli bir araşdırma həyata keçirib. Araşdırmaya 548 yaşlı insan cəlb edilib. Araşdırma 2007-ci ildən 2015-ci ilədək davam edib. Prosesə cəlb edilən 548 insan monitorlar vasitəsi ilə izlənilib. Mütəxəssislər fiziki aktivliyin ömrün uzanması və ölümün qarşısının alınmasında heç bir əlaqəsini tapa bilməyiblər. Lakin  gün ərzində daha çox fiziki aktiv olan və məşq edən insanların daha az fiziki aktiv olan insanlardan uzun ömür yaşaması bəlli olub.

Yəni passiv insanların daha tez xəstələnməsi və yaxud da  sağlamlığına ciddi təhlükələrin çıxdığı bəlli olub.

Aparılan araşdırma nəticəsində 548 nəfərdən 61-i 2017-ci ilin sonunadək  ölüb, 487-si isə sağ qalıb. Sağ qalanların gün ərzində orta hesabla 5,7 saat, ölənlərin isə gün ərzində 4,7 saat məşq edən insanlar olub. İnsanın ölümündə yaş həddi, insanın cinsi, çəkisi, xəstəliyin təsiri kimi digər amillər az rol oyandığı ortaya çıxıb. Odur ki, yaşlı insanların davamlı fiziki aktiv fəaliyyətlə məşğul olması insan ömrünü uzadan amildir.

İki ermənini məğlub edən güləşçimiz Avropa çempionu oldu
İtaliyada keçirilən güləş üzrə Avropa çempionatında Azərbaycan idmançısı Sənan Süleymanov (77 kq) qızıl medal qazanıb. O bu uğura Avropa çempionatının finaldakı rəqibi Macarıstan təmsilçisi Zoltan Levanı (3:1) məğlub edərək nail olub.

Azərtac xəbər verir ki, yarışların ikinci günündə - fevralın 11-də 55, 63, 77, 87 və 130 kiloqram çəki dərəcəsində çıxış edən yunan-Roma güləşçiləri final görüşlərində mübarizə aparıblar.

Pəhləvanımız Sənan Süleymanov debütdə Bolqarıstanı təmsil edən erməni güləşçiyə qalib gəlib. Sonra İtaliya idmançısına şans verməyən güləşçimiz dörddəbir finala vəsiqə qazanıb. Bu mərhələdə Yunanıstan idmançısı ilə görüş dramatik alınıb. Əzmkarlıq nümayiş etdirən güləşçimiz son saniyələrdə uğurlu fənd işlədərək rəqibinin kürəyini yerə sıxıb və yarımfinala yüksəlib. Yarımfinalda təcrübəli Ermənistan güləşçisi ilə prinsipial görüşdən də qalib ayrılan S.Süleymanov ilk dəfə çıxış etdiyi qitə birinciliyinin finalına vəsiqə əldə edib. Fevralın 11-də macar güləşçiylə həlledici görüşə çıxan gənc pəhləvanımız ikinci hissədə qazandığı xallarla Avropa çempionatının qalibi olub.

Yol polisi qarlı yolda qalan idmançıları belə xilas etdi - VİDEO

Şəmkir DYP-nin əməkdaşları yeniyetmə idmançıları təhlükəsiz əraziyə təxliyə edib

Şaxtalı hava qarla müşahidə olunduğundan axşam saatlarında Şəmkir-Gədəbəy yolunda avtomobillərin hərəkəti üçün xeyli çətinlik yaradıb. Bu isə ötən gecə nəqliyyat vasitələrinin yolda qalmasına səbəb olub. Yolda qalanlar sırasında Gədəbəydən idman yarışında qayıdan yeniyetmələrdə olub.

Avtosfer.az xəbər verir ki, ərazidə xidmət aparan Şəmkir rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları mikroavtobusun yolda qaldığını görüb nəqliyyat vasitəsinə yaxınlaşaraq yeniyetmələri təxliyə ediblər. İsti məkana aparılanlara qida və isti içki təklif olunub. Bir müddət sonra nəqliyyat vasitəsinin təhlükəsiz şəkildə yoluna davam edilməsi üçün müvafiq işlər görülüb.

Yol polisləri gecə yolda qalan digər nəqliyyat vasitələrinin sürücülərinə də köməklik göstərərək təbliğat xarakterli söhbətlər aparılıb. Bildirilib ki, havaların qarlı-buzlu keçməsi ilə əlaqədar mövsümi şinlərlə təchiz edilməyən nəqliyyat vasitələrdən etmək zəruridir. Yol polisi xüsusilə də dağlıq ərazilərdə hərəkət edən nəqliyyat vasitələrinin sürücülərinə qış mövsümünə uyğun təhlükəsiz qaydalarına əməl olunmasını tövsiyə edib.

 

"Əminəm ki, AVRO-2020-nin 4 oyunu da burda ən yüksək səviyyədə keçiriləcək" — İlham Əliyev


"Çempionlar Liqasının final oyunları bəzi şəhərlərdə bu səviyyədə keçirilmir".
Azərtac xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev bu gün Milli Olimpiya Komitəsində 2019-cu ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı zamanı deyib.

Dövlət başçısı gələcək fəaliyyətlərinə toxunarkən, Azərbaycanda bundan sonra da beynəlxalq idman yarışları keçiriləcəyini bəyan edib: "Bu baxımdan bu il əlamətdar il olmuşdur. Bir neçə dünya, Avropa çempionatı keçirilmişdir, gimnastika üzrə, digər idman növləri üzrə. O cümlədən Avropa Gənclər Olimpiya Festivalı keçirilmişdir. Bakı şəhərinə Avropanın bütün ölkələrindən yeniyetmələr, gənclər gəlmişlər. Bildirməliyəm ki, bizim gənclərimiz də yaxşı nəticə göstərmişlər, komanda hesabında 4-cü yerə layiq görülmüşlər. Bu il Bakıda daha bir əlamətdar idman yarışı keçirilib. Futbol üzrə Avropa Liqasının final oyunu ilk dəfə olaraq Azərbaycanda, Bakı Olimpiya Stadionunda keçirilibdir. Bütün təşkilati məsələlər ən yüksək səviyyədə öz həllini tapıb, bunu da mən xüsusilə qeyd etmək istəyirəm. Çünki minlərlə xarici tamaşaçı, xarici qonaq gəlmişdir. Minlərlə qonağın bir gün, iki gün ərzində gəlməsi əlbəttə ki, bizim üçün müəyyən problemlər yarada bilərdi, ictimai nəqliyyatla, təhlükəsizliklə bağlı. Həmçinin hava limanında təyyarələrin, o cümlədən çarter təyyarələrin enişi ilə bağlı müəyyən problemlər ola bilərdi. Ancaq bütün müvafiq qurumlar, Təşkilat Komitəsi çox səmərəli işləyiblər. Ümumi rəyə əsasən, təşkilati məsələlərə görə Bakı Avroliqa final yarışı nümunə kimi göstərilir. Mən indi başqa şəhərlərdə buna oxşar yarışların keçirilməsi ilə bağlı bir söz demək istəmirəm, ancaq bizə gələn məlumata görə, hətta Çempionlar Liqasının final oyunları bəzi şəhərlərdə bu səviyyədə keçirilmir. Bizdə olan nizam-intizam, qayda-qanun, təşkilati məsələlər, könüllülərin fəaliyyəti, bütün aidiyyəti qurumların birgə fəaliyyəti bunu təmin edibdir"
Azərbaycan Prezidenti gələn il ölkəmidzə yenə də mötəbər idman yarışlarının keçirilməsinin nəzərdə tutulduğunu, onların arasında bir nömrəli yarış olan futbol üzrə Avropa çempionatının dörd oyununun olduğunu söyləyib: "Artıq tarixlər də bəllidir, hazırlıq işləri də aparılıb, xaricdən gələn çox böyük tamaşaçı auditoriyası olacaq. Əminəm ki, bu yarış da ən yüksək səviyyədə keçiriləcək və Azərbaycan öz imkanlarını, o cümlədən təşkilatçılıq qabiliyyətini bir daha göstərəcəkdir".
“Formula-1” Azərbaycan Qran-Prisinin könüllü qeydiyyatına start verildi
Azərbaycan Qran-Prisi 5-7 iyunda keçiriləcək

“Formula 1” üzrə 2020-ci il Azərbaycan Qran-Prisi üçün könüllülərin qeydiyyatına start verilib.

 Bakı Şahar Halqası əməliyyat Sirkəti (BŞH) “5 dekabr - Beynəlxalq Könüllülər Günü” munasibətilə xüsusi tədbir keçirərək, yeni “Formula-1” mövsümü üçün könüllülərin qeydiyyatına təntənəli şəkildə başlayıb.

Pit binasında yerləşən Paddok Klubda reallaşan tədbirdə BŞH-nin İnsan Resursları şöbəsinin və BŞH Akademiyasının rəhbəri İranə Əhmədova, BP şirkətinin Azərbaycan, Gürcüstan, Türkiyə regionunda xarici əlaqələr və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli və “CinemaPlus” kinoteatrlar şəbəkəsinin Müşahidə Şurasının üzvü Zaur Darabzadə nitq söyləyərək, karyera quruculuğuna dair öz təcrübələrini iştirakçılarla bölüşüblər.

 

2020-ci il Qran-Prisi üçün 3 min könüllünün cəlb olunması nəzərdə tutulub. Könüllülər proqramına müraciət üçün azı 16 yaşında olmaq, ingilis dilini əla dərəcədə bilmək (əlavə xarici dil bilənlərə üstünlük veriləcək), böyük həvəs və əzmkarlığa sahib olmaq tələb olunur.

Proqrama tələb hər ötən il artdığından və yerlər məhdud olduğundan seçim zamanı ən yaxşı namizədlərə üstünlük veriləcək. Seçim mərhələlərindən uğurla keçən hər bir könüllü insan resursları, işçi qüvvəsi, media əməliyyatları, tamaşaçı xidmətləri, şəhər əməliyyatları, marsal klubu əməliyyatları, inzibati əməliyyatlar, hava limanı əməliyyatlan və digər zəruri istiqamətlərdən birinə yönləndiriləcək.

Qeyd edək ki, Azərbaycan Qran-Prisi 5-7 iyunda keçiriləcək.

Polislər dünya çempionatından medalla qayıtdılar
Bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıb

Bugünlərdə İtaliyanın Milan şəhərində WFC döyüş növləri üzrə dünya çempionatı keçirilib. 40 ölkədən 400-dən artıq idmançının mübarizə apardığı yarışda ölkəmizin yığma komandası da qələbə uğrunda inamla mübarizə aparıb.

Ölkəmizin yığma komandasının tərkibində DİN İdman Cəmiyyətinin təmsilçiləri də inamla yarışaraq favoritlər sırasında olublar.

Milli komandada təmsil olunan Əlahiddə Çevik Polis Alayının əməkdaşı, polis serjantı İbrahim Məmmədov yüksək fiziki və texniki hazırlıq nümayiş etdirib. O, bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıb.

 

Sumqayıt ŞPİ-nin əməkdaşı, polis serjantı Xəyal Cəmilbəyli çəkisi 80 kiloqramadək olan idmançılar arasında finaladək irəliləyərək gümüş medala sahib olub.

Daha bir təmsilçimiz, DİN-in Maddi Texniki Təminat Baş İdarəsinin əməkdaşı, polis serjantı Fariz Nəbiyev çəkisi 88 kiloqramadək olan idmançılar arasında Monako və İtaliyadan olan idmançıları məğlub edərək dünya çempionatının bürünc medalına sahib olub.

Əldə etdikləri qələbə münasibəti ilə idmançılarımızı qəbul edən İdman Cəmiyyətinin sədri, Olimpiya, dünya, Avropa çempionu Zemfira Meftaxetdinova onları təbrik edərək daha böyük qələbələr, yeni nailiyyətlər arzulayıb.

Daha bir idmançı polisimiz bürünc medal qazandı
Sonda idmançımız yaradılan şəraitə və göstərilən qayğıya görə DİN rəhbərliyinə təşəkkürünü bildirdi

Bugünlərdə İtaliyanın Milan şəhərində WFC döyüş növləri üzrə dünya çempionatı keçirilib. 40 ölkədən 400-dən artıq idmançının mübarizə apardığı yarışda ölkəmizin yığma komandası da qələbə uğrunda inamla mübarizə aparıb.

Milli komandanın tərkibində mübarizə aparan DİN-in Maddi Texniki Təminat Baş İdarəsinin əməkdaşı, polis serjantı Fariz Nəbiyev yüksək fiziki və texniki hazırlıq nümayiş etdirib. Təmsilçimiz çəkisi 88 kiloqramadək olan idmançılar arasında Monako və İtaliyadan olan idmançıları məğlub edərək dünya çempionatının bürünc medalına sahib olub.

Polis serjantı F.Nəbiyev yarış haqqında danışarkən qarşılaşmaların çox çətin olduğunu bildirdi: “Sevindiricidir ki, ümumilikdə ölkə idmanının səviyyəsi çox artıb. Bütün idmançılarımız dünyanın ən güclü idmançıları ilə qarşılaşmaq bacarığına malikdir. Ona görə də respublika çempionatında finala çıxan idmançı artıq, belə deyək, rahat nəfəs ala bilər ki, beynəlxalq miqyaslı yarışlarda da üstünlük qazanmaq şansı var.”

 

Sonda idmançımız yaradılan şəraitə və göstərilən qayğıya görə DİN rəhbərliyinə təşəkkürünü bildirdi.

Qeyd edək ki, F.Nəbiyev artıq 20 ildir ki idmanla məşğul olur. Əlbəyaxa döyüş üzrə 2 dəfə dünya, 1 dəfə Avropa çempionudur. Respublika birinciliklərində də 12 dəfə qızıl medal qazanıb. Dəfələrlə beynəlxalq turnirlərdə baş mükafata layiq görülüb.

O, əlbəyaxa döyüşdən başqa idmanın karate və kiqboksinq növləri ilə də məsğul olur.

İdman ustası F.Nəbiyevin yetirmələri də uğurlar əldə edir, aralarında Avropa çempionu da var.

Yol polisi zabiti yenə dünya çempionu oldu - FOTO - VİDEO
Famil Məhərrəmov bütün rəqiblərini üstələyib

Finlandiyada "Poverliftinq" üzrə dünya çempionatı keçirilib. Bu çempionata təxminən 35-40 ölkədən idmançılar qatılıblar. Həmin çempionatda Azərbaycanın yığma komandası da uğurla iştirak edib. Komandanın iştirakçısı Famil Məhərrəmov bütün rəqiblərini üstələyərək birinci yerə layiq görülüb.

Qeyd edək ki, polis baş leytenantı Famil Məhərrəmov Baş Dövlət Yol Polisi İdarəsinin xüsusi bölüyünün inspektorudur.

 

Yol polisinin daha bir yetirməsi dünya çempionu oldu - FOTO - VİDEO
Ramazan Abdullayev bütün rəqiblərinə qalib gəlib

Bu günlərdə Belarusun paytaxtı Minsk şəhərində keçirilən BFC 48 adlı dünya miqyaslı peşəkar turnirdə həmyerlimiz Ramazan Abdullayev qələbə qazanıb. Yol-xeber.az xəbər verir ki, 11 peşəkar döyüşün hamısında qalib gələn idmançımız finalda belaruslu idman ustası İqor Molçanovu 2-ci raundda texniki nakaulta məğlub edərək çempion adını qazanıb.

Qeyd edək ki, Ramazan Abdullayev K1 idman növü üzrə Yeniyetmə və gənclər arasında dünya çempionudur. 
Xatırladaq ki, idmançı Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, K1 üzrə dəfələrlə dünya çempionu olmuş idman ustası Tural Bayramovun yetirməsidir. Avtosfer.az-a açıqlamasında Tural Bayramov bu qələbənin özünün də qələbəsi olduğunu bildirib. Qeyd edib ki, istənilən uğur Azərbaycan adına yazılır və məhz bu dəfə çempionluğu vətənə gətirən Ramazanın onun tələbəsi olduğu üçün fəxr edir.

 

Xəbər lenti