Avropa Birliyinə dəhşətli xəbərdarlıq mesajı verildi: Savaş mütləq başlayacaq, Rusiya "qoca qitə"ni dağıdacaq

Avropa Birliyi ölkələrində müharibə təlaşı yaşanır və artıq yaxınlaşan savaşa hazırlıq prosesinə də start verilib... İndi Avropa dövlətləri Ukraynanı deyil, məhz "qoca qitə"ni Rusiyanın hərbi təcavüzündən qorumağın yollarını axtarırlar...

Ölkə.az "Yeni Müsavat"a istinadən xəbər verir ki, qlobal məkanda olduqca ciddi qarışıqlıq yaşanmağa başlayıb. Belə ki, dünyanın dərin xaos dönəminə doğru irəliləməyə başladığı artıq açıq-aşkar nəzərə çarpır. Üstəlik, yeni yaranmaqda olan qəliz situasiya ilk növbədə kollektiv Qərb üçün real təhlükələr vəd edir. Xüsusilə də, son vaxtlara qədər ortaq və sınaqdan keçmiş təhlükəsizlik sisteminə sahib olan Avropa Birliyi ölkələri indi yaxın gələcəklə bağlı ciddi narahatlıq içində olduqlarını qətiyyən gizlətmirlər. Və bu Avropa pessimizminin kifayət qədər ciddi səbəbləri mövcuddur.

Onu da qeyd etmək lazımdır ki, Qərb siyasi dairələri Avropa məkanına yönəlik əsas təhlükələri məhz ABŞ prezidenti Donald Trampın strateji hədəfləri ilə bağlayırlar. Onların fikrincə, Ağ Evin sahibi Avropa Birliyi ilə strateji müttəfiqlik fəaliyyətini pozmaq niyyətindədir. Çünki prezident Donald Trampın ABŞ üçün prioritet elan etdiyi əksər strateji hədəflər ilk növbədə Avropa Birliyinin maraqları ilə kəskin ziddiyyət təşkil edir. Və hətta yaxın gələcəkdə ABŞ-Avropa Birliyi müttəfiqliyinin əvvəlcə kəskin rəqabətə, ardıncasa, ümumiyyətlə, düşmənçiliyə doğru yönələ biləcəyi ehtimal olunur.

tramp-avropa.JPG (84 KB) 

Ukrayna savaşının dayandırılması ilə bağlı məxfi danışıqların bəzi detalları ortaya çıxdıqdan sonra isə Ağ Ev sahibinin Avropa Birliyini Rusiyanın qarşısında müdafiəsiz buraxa biləcək addımlara razılıq verdiyi dəqiqləşmiş oldu. Ona görə də, indi Avropa Birliyi yalnız Ukraynanın deyil, həm də bu quruma üzv ölkələrin gələcək taleyi barədə də düşünmək məcburiyyətində qalıb. Və mövcud situasiya, Tramp adminstrasiyasının Kremllə Ukrayna anlaşmasına çox yaxın olması ucbatından, Avropa Birliyi ölkələrini Rusiya ilə qaçılmaz savaşa hazırlaşmaq ehtiyacı doğurub.

Danimarka hərbi-siyasi dairələri Avropa ölkələrinin ən yaxşı halda, cəmisi beş ilə yaxın bir zamanı olduğunu iddia edirlər. Onların yaydığı hesabatda Ukrayna savaşının dayandırılmasından sonra Rusiya təxminən yaxın beş il ərzində Avropa ölkələrinə hərbi müdaxilə etməyə hazır olacaq. Kreml mövcud situasiyanı maksimum səviyyədə dəyərləndirməyə çalışaraq, eyni vaxtda bir neçə Avropa ölkəsinə qarşı savaşa başlaya bilər. Və hesabata görə, Avropa Birliyi ölkələri vaxt itirmədən dərhal Rusiya ilə müharibəyə hazırlaşmalıdır.

Maraqlıdır ki, Avropa Birliyini gözləyən real hərbi təhlükəni şərh edən son Avstriya-Macarıstan imperatorunun nəvəsi və Avstriya parlamentinin deputatı Karl fon Habsburq isə avropalıların Rusiya dövlətinin dağılmasına nail olmasının vacib olduğunu bildirib. Onun fikrincə, əslində, Rusiya hələ də klassik müstəmləkə imperiyasıdır. Və bu, müstəmləkələrin iqtisadi istismarı ilə başlayır, imperiya əhalisinin hətta Ukraynaya qarşı müstəmləkə müharibəsində qurban verilməsi cəhdləri ilə davam edir.

1658653216_emcode_490f0c581f8b1444a8fa88fd987c9b0c.jpg (117 KB) 

Karl fon Habsburq hesab edir ki, vətəndaşlarının təhlükəsizliyində maraqlı olan Avropa Birliyi ölkələri mümkün qədər tez bir zamanda Rusiyanın müstəmləkə imperiyasının dağılması üçün ssenarilər hazırlamağa başlamalıdır. O, həmçinin ukraynalı siyasətçilərin tez-tez təkrarladığı tezisi də xatırladıb: "Böyük Rusiya böyük problemlər gətirir, kiçik Rusiya – kiçik problemlər..."

Avstriyalı siyasətçi hələlik Rusiya dövlətinin dağılacağına dair heç bir real əlamət görmədiyini də qeyd edib. Lakin onun sözlərinə görə, cəmisi bir neçə ay bundan əvvələ qədər Suriyada Əsəd rejiminin süqutu da inandırıcı təsir bağışlamırdı. Onun fikrincə, "Rusiyanın dekolonizasiyası" indi Avropa Birliyi məkanının təhlükəsizliyi üçün əsas siyasi və strateji hədəfə çevrilməlidir. Və Qərb, xüsusilə də, Avropa Birliyi strateqləri vaxt itirmədən Rusiyanın çökdürülməsi planlarının hazırlanmasına başlamalıdırlar.

Belə anlaşılır ki, Avropa Birliyinin gələcək taleyi yaxın beş illik zaman intervalını necə keçirəcəyindən birbaşa asılı ola bilər. Hər halda, təxminən bir il əvvəl Avropa Birliyi ölkələrinin müdafiə nazirləri də yaxın beş il ərzində Avropa dövlətlərinin Rusiya ilə müharibə aparmalı olacağını açıq mətnlə ifadə etmişdilər. Bu barədə ilk olaraq, Almaniyanın müdafiə naziri Boris Pistorius həyəcan təbili çalmışdı. O, Almaniyanın tezliklə hərbi təhdidlərlə qarşılaşa biləcəyini" vurğulayaraq, Rusiya ilə müdafiə sahəsində ayaqlaşmaq üçün beş-səkkiz illik bir zamana ehtiyac olduğunu bildirmişdi.

avropa-rusiya-savash-Снимок.JPG (87 KB) 

Eyni zamanda, Belçika ordusunun baş qərargah rəisi, admiral Mişel Hofman da Rusiya ilə müharibə təhlükəsi barədə xəbərdarlıq edərək, ölkəsinin vaxt itirmədən dərhal hərbi iqtisadiyyat modelinə keçid etməsinin vacibliyini qabartmışdı. Niderland ordusunun komandanı, general-leytenant Martin Veynen son açıqlamasında bildirib ki, onun ölkəsi də Finlandiya və Baltikyanı dövlətlər kimi, Rusiya ilə müharibəyə hazır olmalıdır. İsveç Silahlı Qüvvələrinin baş komandanı Mikael Byuden və mülki müdafiə naziri Karl-Oskar Bulin isveçliləri ölkədə müharibənin başlama ehtimalına hazır olmağa çağırıblar.

Göründüyü kimi, Avropa Birliyi ölkələri hazırda müharibə təlaşı keçirirlər. Halbuki, son vaxtlara qədər onlar daha çox Ukrayna ordusunun silah-sursat və hərbi texnika ilə təchiz olunması barədə düşünürdülər. İndisə, Avropa məkanında yaxınlaşan savaşın əndişəsi yaşanır. Üstəlik, hazırda Avropa Birliyi ölkələri Ukraynanı deyil, məhz "qoca qitə"ni Rusiyanın hərbi təcavüzündən qorumağın yollarını axtarırlar. Və bu baxımdan, Rusiya təhlükəsi Avropa Birliyi məkanını böyük sürətlə "qaranlıq tunelə" doğru sürükləyir.

14 May 2025 Tramp-Culani görüşünə Ərdoğan da qatıldı - Yenilənir
14 May 2025 Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayırlar - Yenilənib
14 May 2025 Makronun yaratdığı liderlər konseyinə Bakı dəvət olunubmu?
14 May 2025 Abramoviç danışıqlar öncəsi Kremldə nə gəzir? - Foto
14 May 2025 Türkiyədə güclü zəlzələ olub
14 May 2025 Kremlin strateji səhvləri indi Rusiyanı vurur: Putin İstanbul masasına oturmazsa, Qərbin "fəlakət ssenarisi" işə düşəcək
13 May 2025 İrəvanda siyasi intriqa qızışır - Simonyan elə şeylər dedi ki...
13 May 2025 PKK liderlərinin taleyi: Onlar ancaq bu ölkələrə gedə biləcək
13 May 2025 Putinin İstanbul səfəri ilə bağlı SON DƏQİQƏ
13 May 2025 Tramp: Belə bir hədiyyədən imtina axmaqlıq olardı
13 May 2025 Yeni Papa ilk xarici səfərini hansı ölkəyə edəcək?
13 May 2025 Trampın Yaxın Şərqə səfəri başladı
13 May 2025 Bizi bir dəfə belə aldatdılar - Zaxarova
12 May 2025 Trampa dəstək verən neftçilər indi narazıdır: Ticarət savaşları sənayeni vurdu
12 May 2025 Makron və Merzin kadrları gündəmi silkələdi: nəyi gizlədiblər? - ŞOK VİDEO
12 May 2025 Hindistan Ermənistana növbəti partiya “Akash” göndərir
12 May 2025 PKK özünü ləğv edib
12 May 2025 ABŞ dövlət katibi Türkiyəyə niyə gedir?
12 May 2025 Türkiyədən Putinin təklifinə reaksiya...
12 May 2025 Kreml Rusiyanı yenə dərin "bataqlığa" saldı: Putin indi ümidini Türkiyəyə bağlayıb, Ərdoğana minnətçi düşüb

Xəbər lenti