“Allah məni neçə dəfə qoruyub, saxlayıb. Həyatımda bir neçə dəfə ölümlə üz-üzə gəlmişəm. Yəqin ki, Allahın mənə yazığı gəlib ki, balalarım tək qalar. 90-cı illərin ağrısını, acısını, dəhşətini gözümlə görmüşəm. 1991-ci ildə Gəncənin girəcəyində ermənilərin bomba qoyub partlatdığı Ağdam-Tiflis avtobusunda övladımla birlikdə mən də olmuşam. Oradan 5-6 nəfər sağ çıxdı. Çox ağır yaralandım, bir ilə yaxın yaddaşımı itirdim. İndi həmin yerdə həlak olanların xatirəsinə abidə də qoyulub. Ermənilərin məqsədi Gəncə avtovağzalını partlatmaq idi”

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Fatma Mahmudova deyib. O daha sonra əlavə edib.

“Biz komediya aktyorları adətən həyatımıza əks olan obrazları oynayırıq. Elə bir çətin günüm olub ki, içim qan ağlayıb, amma özüm səhnədə çıxıb tamaşaçıları güldürmüşəm. Tamaşaçıya bizim problemimiz maraqlı deyil, o pul verib bilet alıb. 5 günlük dünyadır, bəzən görürsən ki, bir-birlərinin ətini yeyirlər. Vallah həyat qısadır, olmaz ki, mehriban olasınız? Heç kim bu gündən sabaha zəmanət vermir. Keçmişə qayıtmaq istəmirəm, amma mənim çəkdiklərimi heç kim çəkməyib. Vaxtilə mənə də çox xəyanətlər olunub. Mənə elə bir zərbə vurublar ki, ölən günümə qədər onları bağışlamaram. Övlad acısı da yaşamışam, vətən acısı da. Övladlarıma görə yaşayıram, hər anaya belə övlad qismət olmur. Allah məni bu günlər üçün qoruyub saxladı, 30 ildən sonra gedib Ağdamı da gördüm. Allahıma şükürlər edirəm”, - deyə sənətkar bildirib.

Meyxanaçı Rəşad Dağlı Masallıda həmkarı ilə dəyişmə zamanı “Xomeyni çöküb qalıb, Behcəti naqruskadadı” kimi ifadələr işlətdiyi üçün təhdid olunduğuna görə üzr istəməsi ilə bağlı yayılan iddialara münasibət bildirib.

O, üzr videosundan bir neçə gün sonra sosial şəbəkə hesabında açıqlama yayaraq bu iddiaları təkzib edib:

“Bir uğursuz qafiyəyə görə söz-söhbət yayılmışdı, mən də bununla bağlı açıqlama vermişdim. Həmin videodan belə təsəvvür yaranıb ki, mən hansısa bir yerdə hədə-qorxu, təhdid altında açıqlama vermişəm. Bu, əsla belə deyil. Mən təhlükəsizliyin təmin olunduğu elə bir ölkənin vətəndaşıyam ki, məni heç kim heç nəyə məcbur edə bilməz. Sadəcə, könüllü, ürəyim istəyib açıqlama vermişəm ki, ortada olan narazılıq aradan qaldırılsın. Bu qədər, anlayışla qarşıladığınıza görə, hər birinizə minnətdaram. Təşəkkür edirəm”.

Zaur Baxşəliyev aparıcısı olduğu verlişdə Şuşa səfəri ilə bağlı bir məsələni diqqətə çatdırıb.

Sfera.az xəbər verir ki, aparıcı Şuşada nənəsinin evini tapdığını bildirib. Lakin həmin əraziyə də digər bəzi yerlər kimi mina təhlükəsi ehtimalına görə daxil olmaq müvəqqəti olaraq qadağan olmasına baxmayaraq, Zaur nənəsinə məxsus evə daxil olmağa cəhd edib.

 Onun bu cəhdi güc strukturlarının əməkdaşları tərəfindən xəbərdarlığa kimi davam edib. Zaur dərhal geri çəkilərək, əraziyə daxil olmaq fikrindən daşınıb.

Videonu təqdim edirik:
 

Əməkdar artist Rafael İsgəndərova ağır itki üz verib.

Aktyorun atası Çərkəz İsgəndərov səhər saatlarında vəfat edib.

Mərhum xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Dünən Milli Kulinariya Mərkəzinin baş direktoru Tahir Əmiraslanov vəzifəsindən azad edilib və bu vəzifəyə tanınmış teleaparıcı Orxan Fikrətoğlu təyin edilib.

O, təyinatı ilə bağlı özünün “Facebook” hesabında açıqlama yayıb:

“Mən həm Dövlət Turizm Agentliyinə, həm Tahir Əmiraslanova milli irs zəminində yardım etmək fikrindəyəm. Tarixi, diplomatik və siyasi sahədə, əlbəttə ki! Buna ehtiyac var.

Kulinariya ancaq yemək demək deyil. Milli mədəniyyətin bir qoludur və dövlətin yumşaq siyasət yürütdüyü mühüm sahədir. Həyatına hirsli olanların, borcu-zadı olanların, ömürləri boyu gündəmdən kənarda qalanların mənim bu müvəqqəti seçimimlə bağlı ağızdolusu danışmaları əslində gözlənilən idi.

Azərbaycanın bir çox sahələrində intibaha ehtiyac var. Milli kulinariyanın digital formatda yeni TV variantda təqdimatı bütün dünyaya çıxarılacaq. Bu sahənin təhsil mexanizmi, nəhayət ki, qurulacaq. İctimai nəzarət mexanizmləri, şəffaflıq təmin ediləcək. Kulinariya bir çoxlarının fikrində, deyəsən, bozbaşxana kimi şəkillənib. Mən Dövlət Turizm Agentliyinə bu stereotipi dağıtmaqda Tahir Əmiraslanov və digərləri ilə birlikdə kömək edirəm.

Tahir Əmiraslanov hələ də Milli Kulinariya Mərkəzi Assosiasiyasının rəhbəridir. Mən də hər gün İTV-də verilişimi aparıram.

Beşinci kalona xidmət edən, Azərbaycanın inkişafında maraqlı olmayan bəzi boşboğazlara isə “Facebook”da dövlətini və məni sevənlər cavab verirlər. Sakit olun. Mən yemək bişirməyəcəyəm. Heç xəstəliyim səbəbindən yeyə də bilməyəcəm. Əlbəttə ki, kulinariya mənim sahəm deyil. Amma bir vaxtlar kino və TV də mənim sahəm deyildi. Sonralar oldu.

Bacarırsınızsa, bu sahədə bizə kömək edin. Bacarmırsınızsa, kasada qurd axtarmayın. İcazə verin, bütün sahələri salavatlayaq”.

"ARB" telekanalında yayımlanan "Səni axtarıram" verilişinin ötən gün yayımlanan buraxılışında gərgin anlar yaşanıb. 

Baku.ws xəbər verir ki, proqrama gələrək kömək istəyən Sevda adlı xanımla ekspert qismində çıxış edən psixoloq Elmir Əkbər arasında mübahisə baş verib.

Elmir nigahdan kənar, qeyri-qanuni övlad dünyaya gətirən qadına bir sıra məsləhətlər verib. Bundan sonra Sevda "Sənin özünə psixoloq lazımdır" deyərək onu təhqir edib. 

Sözügedən qadın psixoloqa təhqirlərini davam etdirib. Elmir ona xanım adının yaraşmadığını deyib. Sevda isə "Mən də heç sizə kişi gözü ilə baxmıram" sözlərini söyləyib. 

Ətraflı videoda:

Ötən gün ARB-də yayımlanan “Xəbər-ətər” verilişində Zümrüd Bədəlova verdiyi sual ilə sosial şəbəkədə qınaq obyektinə çevrilib.

Aparıcı ünvanına səslənən mənfi rəylərə qarşı səssiz qalmayıb.

Bədəlova sosial media hesabında paylaşım edib:

“O qədər kasad, dar düşüncəli insanlar var ki, sözü tərsindən anlayan, məğzi başa düşməyən və demaqoq... Nə qədər gülürəm sizə, kef edin, təki reklamınız getsin”, - deyə Zümrüd əlavə edib.

Qeyd edək ki, ötən gün milli istiqlal şairimiz Əhməd Cavadın 130 illik yubileyi münasibətilə şairin nəvəsi Anar Axundzadə “Xəbər-ətər” verilişində qonaq olub. Zümrüd Bədəlova qonağa “Görməmisiniz də, hə, babanızı?” deyə sual verib. Anar isə “yox, babam 1937-ci ildə güllələnib”, - deyə bildirib. Aparıcının sualı sosial şəbəkə izləyiciləri tərəfindən müzakirəyə səbəb olub.

Sözügedən paylaşımları təqdim edirik:

 

 

 

Azərbaycanın Xalq artisti, məşhur aktyor Rasim Balayevin səhhətində problemlər yaranıb.

Bunu “Report”a açıqlamasında Xalq artisti özü bildirib.

O deyib ki, hazırda xəstəxanada müalicə alır. “Ötən gün əməliyyat olundum. Mədəmdə polip vardı, həkimlər onu götürdülər. Hazırda yaxşıyam. Bu gün son yoxlanışlardan keçib, evə buraxılacam”.

Qeyd edək ki, R.Balayev 8 avqust 1948-ci ildə Ağsu rayonunda anadan olub. Xalq artisti iki ay əvvəl səhhətində yaranan narahatlığa görə, uroloji əməliyyat olmuşdu.

Kikboks üzrə 6 qat dünya çempionu Pərviz Abdullayev (Kobra Pərviz) “Survivor All Star” yarışmasında iştirakını başa vurub.

Baku.ws xəbər verir ki, buna səbəb P.Abdullayevin ayağından aldığı zədə olub.

Layihənin rəhbəri Acun Ilıcalı azərbaycanlı iştirakçının yarışa aldığı zədə ucbatından davam etdirə bilməcəyini rəsmən açıqlayıb.

Müğənni Dəniz Əsədova barəsində xüsusi ittiham qaydasında olan şikayətə baxılıb.

APA xəbər verir ki, Binəqədi rayon Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Dəniz Əsədova Cinayət Məcəlləsinin 147.1 (böhtan) və 148-ci (təhqir) maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona aylıq qazancından dövlət nəfinə 20% məbləğində pul tutulmaqla 6 ay müddətə islah işləri cəzası təyin edilib.

Qeyd edək ki, Dəniz Əsədovadan bəstəkar-müğənni Cabbar Musayev xüsusi ittiham qaydasında şikayət edib. C.Musayev müğənninin onu təhqir etdiyi və böhtan atdığını bildirərək məhkəməyə müraciət edib.

Xəbər lenti