Prezidentdən konfrans iştirakçılarına - Müraciət - Yenilənib

Bu gün Bakıda “Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi” adlı Forum keçirilir.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Prezident İlham Əliyevin Forum iştirakçılarına müraciətini səsləndirib.

Tədbirdə dünya əhalisinin təxminən 80 faizini əhatə edən 116 ölkədən nüfuzlu qeyri-hökumət təşkilatlarının rəhbərləri və vətəndaş cəmiyyəti nümayəndələri iştirak edirlər.

Forum çərçivəsində tarixdə ilk dəfə Qlobal Cənub QHT Platformasının təsis olunması nəzərdə tutulur.

***

Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda keçirilən Qlobal Cənub QHT Platformasının təsis konfransının iştirakçılarına müraciəti:

“Hörmətli konfrans iştirakçıları!

Bu gün Qlobal Cənubun həyatında vacib gündür. 100-dən artıq ölkənin nüfuzlu qeyri-hökumət təşkilatlarının, vətəndaş cəmiyyəti təmsilçilərinin iştirakı ilə ilk dəfə Qlobal Cənub QHT Platforması təsis olunur.

Çox şadıq ki, keçən ilin noyabrında Bakıda COP29 çərçivəsində Qoşulmama Hərəkatı ölkələrinin QHT-lərinin Cənub-Cənub əməkdaşlığı üzrə baş tutan beynəlxalq konfransı zamanı Azərbaycan Milli QHT Forumunun Qlobal Cənub QHT Platformasının yaradılması barədə təşəbbüsü güclü dəstək qazanmışdır. Bununla əlaqədar 140-a yaxın ölkədən 1000 nəfərdən çox QHT təmsilçisi və ictimai fəal birgə bəyanat imzalamışdır.

100-dən çox ölkədən 500-ə yaxın QHT-nin birləşdiyi COP29 QHT Koalisiyasının sonrakı dövrdə Qlobal Cənub QHT Platformasının təsisatlanması məqsədilə təşəbbüs qrupuna çevrilməsi birgə, koordinasiyalı fəaliyyətə ehtiyacı aydın nümayiş etdirmişdir.

Şaxələndirilmiş xarici siyasət yürüdən Azərbaycan 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatına 2019-2023-cü illərdə sədrlik edərək, inkişaf etməkdə olan ölkələrin maraqlarını qətiyyətlə müdafiə etmiş, mühüm qlobal təşəbbüslərlə çıxış etmişdir. Bu dövr ərzində tərəfimizdən fərqli iqtisadi durumda olan üzv dövlətlərə, o cümlədən COVID-19 zamanı 80-dən artıq ölkəyə humanitar və maliyyə yardımları göstərilmiş, Qoşulmama Hərəkatının təsisatlanması istiqamətində mühüm addımlar atılmışdır.

Qlobal Cənubun güclü səsinə çevrilən Azərbaycan bu platformanın məhz Bakıda təsis olunmasını Qoşulmama Hərəkatına və COP29-a sədrlik dövrlərində fəaliyyətinə verilən yüksək qiymət kimi qəbul edir. İnanıram ki, Qlobal Cənub QHT Platforması xalqlarımızın səsinin eşidilməsi, mövqelərinin dünya ictimaiyyətinə çatdırılması, onların haqlarının qorunması və hüquqlarının təmin edilməsi işinə böyük töhfə verəcəkdir.

Azərbaycanın Qlobal Cənub ilə Qlobal Şimal arasında fəal dialoq, o cümlədən qarşılıqlı anlaşma mühiti yaratması, uzun illər ərzində nail olunması mürəkkəb olan konsensus üçün davamlı şəkildə tarazlaşdırıcı mövqe tutması COP29 zamanı “Bakı sıçrayışı”nın əldə edilməsi ilə nəticələnmişdir. Biz Azərbaycanın ev sahibliyi ilə keçirilmiş və 197 ölkədən 80 minə yaxın iştirakçının qatıldığı COP29-da tarixi uğurlara imza atdıq və ölkəmiz haqlı olaraq COP29 irsi ilə fəxr edir.

Azərbaycan fəal diplomatiya vasitəsilə Qlobal Şimal və Qlobal Cənub arasında mövqe fərqliliklərini aradan qaldırmaq, daha inklüziv və effektiv dialoqu inkişaf etdirmək üçün bu gün də əzmlə çalışır. Lakin bu prosesdə uğura nail olmaq yolunda ən böyük maneə Qlobal Cənub və Qlobal Şimal arasında illər ərzində formalaşmış etimadsızlıqdır. Biz bu disbalansı aradan qaldırmaq məqsədilə Qlobal Cənub ilə Qlobal Şimal arasında körpü rolunu öz üzərimizə götürərək etimad quruculuğu işinə yeni töhfələr vermək əzmindəyik.

İqtisadi və siyasi transformasiyadan uğurla keçmiş, hərbi təcavüzlə üzləşmiş, ərazi bütövlüyü və suverenliyini öz gücünə tam bərpa etmiş bir dövlət kimi Azərbaycan az inkişaf etmiş, inkişaf etməkdə olan ölkələrin və bütövlükdə Qlobal Cənubun üzləşdiyi problemləri dərindən dərk edir. Biz bu məkanda həmrəyliyin, əməkdaşlığın, və davamlı inkişafın təşviqinə daim sadiqik.

Azərbaycan hər zaman qarşılıqlı hörmət və birgə inkişaf prinsiplərinə əsaslanan siyasət aparıb. Təəssüflər olsun ki, hazırda Qlobal Cənubu təmsil edən bir sıra ölkələrin hələ də əziyyət çəkdikləri əsas problemlərdən biri də bəzi Qərb ölkələrinin yürütdüyü neokolonializm siyasətidir. Biz müstəmləkəçiliyin bütün formalarını və təzahürlərini qətiyyətlə rədd edir, xalqlara faciələr, köləlik, iztirab gətirən bu cür davranışları qəbuledilməz hesab edirik.

Azərbaycan ölkələrin daxili işlərinə qarışmamaq prinsipinə əməl edən, xalqların siyasi sistemlərinə, mədəni, etnik, dini fərqliliklərinə hörmət edən, dinlərarası, sivilizasiyalararası, mədəniyyətlərarası dialoqu daim güclü təşviq edən ölkədir. İnanıram ki, birgə fəaliyyətimizlə xalqlarımız üçün daha işıqlı bir gələcək, yeni, ədalətli dünya düzəni qura bilərik.

Qlobal Cənub QHT Platformasının fəaliyyətinə uğurlar arzu edir və hər bir iştirakçını bu əlamətdar hadisə münasibətilə təbrik edirəm!

Azərbaycana hər zaman güvənə bilərsiniz!”

03 May 2025 İlham ƏIiyev həmkarını təbrik etdi
02 May 2025 Zəngəzur uğrunda yeni mübarizə - Bakıdan gözlənilməz həmlə
02 May 2025 Prezidentin Balaxanı Sənaye Parkının genişləndirilməsi ilə bağlı sərəncamının icrasına başlanılıb
01 May 2025 İlham Əliyev sərəncam imzaIadı
01 May 2025 Kamran Əliyevdən təşəkkür: “Qarabağ və Şərqi Zəngəzura həyat qayıdıb”
01 May 2025 Kamran Əliyev yenidən Baş prokuror təyin edildi - YENİLƏNİB
01 May 2025 Milli Məclis bu gün Kamran Əliyevin məsələsinə baxacaq
30 Aprel 2025 Prezident yük maşınının sükanı arxasında - FOTO
30 Aprel 2025 İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında bir sıra müəssisələrin açılışını edib
30 Aprel 2025 “Azərbaycan yaxın dostu İsraillə münasibətlərin genişlənməsinə xüsusi əhəmiyyət verir”
30 Aprel 2025 Prezident Qusarda kompleksin fəaliyyəti ilə tanış oldu - Fotolar
30 Aprel 2025 Bu gün XTQ-nin yaradılmasından 26 il ötür
29 Aprel 2025 Şimal-Cənub nəqliyyat dəhlizi bu layihədə iştirak edən bütün ölkələrə çox böyük səmərə gətirəcək, böyük fayda verəcək
29 Aprel 2025 Azərbaycan dəmir yolunu gələn il İran sərhədinə, Zəngilan-Ağbənd istiqamətinə çatdıra bilər
29 Aprel 2025 Bakı səfərindən paylaşım etdi - Foto
29 Aprel 2025 Əli Nağıyev: Azərbaycan Əfqanıstanın sabitliyi və təhlükəsizliyi ilə bağlı dəstəyini əsirgəməyib
28 Aprel 2025 Aramızda ixtilaf yaratmaq istəsələr, yol verməyəcəyik - Pezeşkian
28 Aprel 2025 Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər
28 Aprel 2025 "Azərbaycan vasitəsilə nəqliyyat marşrutları ən təhlükəsiz, ən qısa və ən cəlbedici marşrutlardan biri olacaq"
28 Aprel 2025 Əliyev Pezeşkianı qarşıladı - YENİLƏNİB

Xəbər lenti