Onlara daha 2 il möhlət verildi - Fərman

Prezident İlham Əliyev “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” 27 iyun 2019-cu il tarixli və “Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında” 7 oktyabr 2021-ci il tarixli fərmanlarında dəyişiklik edib.

Bununla bağlı dövlət başçısı yeni Fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycanda əkin sahələrinin istifadəçilərinə aqrar sahədə subsidiyalar torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında verilməsi üçün möhlət 2 il artırılaraq 2027-ci il yanvarın 1-nə qədər uzadılıb.

Bakıda Qvineya-Bisau Prezidentinin rəsmi qarşılanma mərasimi olub - Yenilənib

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalonun fevralın 27-də rəsmi qarşılanma mərasimi olub.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Qvineya-Bisau Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyev Qvineya-Bisau Prezidenti Umaru Sisoku Embalonu qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Qvineya-Bisau Prezidentinə raport verib.

Qvineya-Bisau Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səsləndirilib.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Qvineya-Bisau Prezidenti Umaru Sisoku Embalonun qarşısından keçib.

Dövlət başçıları rəsmi foto çəkdiriblər.

***

Azərbaycan Prezidenti İlham Əliyevin Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalo ilə təkbətək görüşü başlayıb.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Prezident İlham Əliyev Ərdoğanı təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib.

Məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Əziz Qardaşım,

Türkiyə Respublikasının ictimai-siyasi həyatında və dövlət idarəçiliyində artıq 25 ilə yaxın bir dövr ərzində müstəsna yer tutan, daim yenilənməkdə, inkişafda və yüksəlişdə olan Ədalət və İnkişaf Partiyasının Böyük Qurultayında partiyanın Sədri vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi və bütün partiyadaşlarınızı səmimi-qəlbdən təbrik edirəm.

Qurucusu olduğunuz partiyanın üzvlərinin Sizə layiq olduğunuz böyük etimadı təkrarən nümayiş etdirməsi uzun illər boyu ölkənizin rifahı və tərəqqisi, qardaş Türkiyə xalqının firavanlığı, eləcə də bütün Türk dünyasının yüksəlişi naminə yorulmaq bilmədən həyata keçirdiyiniz fədakar fəaliyyətə qədirbilənliklə verilən yüksək qiymətdir.

Bu xüsusda, Ədalət və İnkişaf Partiyasının Böyük Qurultayında müəyyən olunmuş yeni hədəflərin və qəbul edilmiş əhəmiyyətli qərarların qardaş Türkiyə xalqı üçün xeyirli və uğurlu olacağına, Türkiyəni daha da irəli aparacağına əminliyimi ifadə etmək istərdim.

Danılmaz faktdır ki, ötən illər ərzində rəhbərliyinizlə Ədalət və İnkişaf Partiyasının öz prinsip və amallarına daim sadiq qalaraq atdığı addımlar sayəsində ölkənizin dövlətçiliyi daha da möhkəmlənmiş, sarsılmaz xalq-iqtidar birliyi formalaşmış, eləcə də Türkiyə qlobal güc mərkəzinə – dünyanın ən aparıcı və qüdrətli dövlətlərindən birinə çevrilmişdir. Təsadüfi deyil ki, Siz bütün Türk dünyasında öz Vətənini, xalqını sevən müdrik və qətiyyətli lider kimi tanınır və sevilirsiniz. Dost və qardaş Azərbaycanda da Sizin uğurlarınız böyük fərəh hissi ilə qarşılanır və daim təqdir olunur.

Bu gün ortaq tariximizdən, zəngin milli-mənəvi dəyərlərimizdən və xalqlarımızın mətin iradəsindən qaynaqlanan Azərbaycan–Türkiyə qardaşlığı, birliyi və strateji müttəfiqliyi unikal xarakter daşımaqla hərtərəfli inkişaf edir, bölgədə sabitliyin və təhlükəsizliyin bərqərar olmasına töhfələr verir. Əminəm ki, bu sarsılmaz bağlar birgə səylərimizlə “Bir millət, iki dövlət” prinsipinə uyğun olaraq bundan sonra da daim möhkəmlənəcəkdir.

Əziz Qardaşım,

Bir daha Sizə, eləcə də Ədalət və İnkişaf Partiyasının hər bir üzvünə ən səmimi salamlarımı və təbriklərimi çatdırır, Sizə möhkəm cansağlığı, partiyanın işinə böyük uğurlar, qardaş Türkiyə xalqına sülh və firavanlıq arzulayıram".

İlham Əliyev Ərdoğana zəng etdi

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

İlham Əliyev telefon danışığı zamanı Ərdoğanı ad günü münasibətilə təbrik edib.

Həmçinin Türkiyə ilə Azərbaycan arasında ikitərəfli münasibətlər, regional məsələlər müzakirə edilib.

Ramiz Tahirovun oğluna yüksək vəzifə verildi - FOTO

Azərbaycan ilk dəfə NATO-nun "Dəniz Təhlükəsizlik Mükəmməlliyi” (MARSEC COE) mərkəzinə üzv qəbul edilib. Razılaşmaya əsasən, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi həmin Mərkəzdə 3 il müddətində ölkəmizi təmsil edəcək.

Qafqazinfo məlumatına görə, üçüncü dərəcəli kapitan Kamran Tahirbəyli ölkəmizin Mərkəzdəki nümayəndəsi təyin edilib.

K.Tahirbəyli müdafiə nazirinin sabiq müavini - Hərbi Hava Qüvvələrinin əvvəlki komandanı general-leytenant Ramiz Tahirovun oğludur. O, həm də Azərbaycanın ABŞ-dəki Səfirliyində hərbi attaşe köməkçisidir.

Qeyd edək ki, Ramiz Tahirov ötən ilin mayında Prezidentin Sərəncamı ilə vəzifəsindən azad olunaraq ehtiyata buraxılıb.

 

 
Prezident və xanımı Xocalı soyqırımı abidəsini ziyarət ediblər - YENİLƏNİB

XX əsrdə bəşər tarixinə Xocalı soyqırımı kimi daxil olan qanlı faciənin 33-cü ildönümü ilə əlaqədar fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva soyqırımı qurbanlarının xatirəsinə Bakının Xətai rayonunda ucaldılmış abidəni ziyarət ediblər.

dövlətimizin başçısı Xocalı soyqırımı abidəsinin önünə əklil qoyub, faciə qurbanlarının xatirəsini ehtiramla yad edib.

Birinci xanım Mehriban Əliyeva abidənin önünə gül dəstəsi qoyub, soyqırımı qurbanlarının xatirəsinə ehtiramını bildirib.

X X X

Xocalı soyqırımından 33 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan etdi. Erməni təcavüzkarların Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirildi, 1275 dinc sakin əsir götürüldü, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi.

Uzun illərdir ki, Azərbaycan dövləti Xocalı faciəsi ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması, onun soyqırımı kimi tanıdılması istiqamətində sistemli iş aparır. Bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırımının əsl mahiyyəti yalnız Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə qayıtdıqdan sonra açıqlanıb, 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət verib.

Prezident İlham Əliyev Xocalı soyqırımını törədənlərin ifşa olunmasını və beynəlxalq ictimaiyyətin geniş məlumatlandırılmasını Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirib və bu istiqamətdə ardıcıl addımlar atılır.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu bəşəriyyətin ən böyük faciələrindən olan Xocalı soyqırımı haqqında faktların dünyaya çatdırılması istiqamətində sistemli və ardıcıl fəaliyyət göstərir. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu istiqamətdə təbliğat işini daha da fəallaşdırıb. Faciə ilə əlaqədar dəhşətli faktlar bu kampaniya çərçivəsində geniş beynəlxalq ictimaiyyətə çatdırılıb, planetin bütün guşələrində milyonlarla insan erməni millətçilərinin əsl simasına bələd olub.

Bu gün Xocalı şəhidlərinin ruhları şaddır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə çoxəsrlik tariximizdə bənzəri olmayan Vətən müharibəsi, eləcə də uğurlu antiterror tədbirləri nəticəsində respublikamızın ərazi bütövlüyü və suverenliyi tam təmin olunub, Xocalı şəhəri separatçılardan təmizlənib. 2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyev Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində 2024-cü ilin mayında Xocalıya ilk köç baş tutub.

Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan xalqına qarşı törədilmiş soyqırımının beynəlxalq səviyyədə tanıdılması və Xocalı faciəsi qurbanlarının əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə “Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında” 2025-ci il fevralın 25-də Sərəncam imzalayıb.

***

XX əsrdə bəşər tarixinə Xocalı soyqırımı kimi daxil olan qanlı faciənin 33-cü ildönümü ilə əlaqədar fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva soyqırımı qurbanlarının xatirəsinə Bakının Xətai rayonunda ucaldılmış abidəni ziyarət ediblər.

dövlət başçısı Xocalı soyqırımı abidəsinin önünə əklil qoyub, faciə qurbanlarının xatirəsini ehtiramla yad edib.

Birinci xanım Mehriban Əliyeva abidənin önünə gül dəstəsi qoyub, soyqırımı qurbanlarının xatirəsinə ehtiramını bildirib.

Aİ səfiri Xocalı soyqırımının qurbanlarını yad edib

Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko Xocalı soyqırımının qurbanlarını yad edib.

Bu barədə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin sosial media hesabında paylaşım edilib.

"Xocalıda baş verən dəhşətli hadisələrdə həlak olan günahsız insanların - qadınların, kişilərin, uşaqların və qocaların xatirəsini ehtiramla yad edərək kədərlənirik. Bu faciədə öz yaxınlarını, dostlarını və evlərini itirənlərə dərin hüznlə başsağlığı verirəm. Bu cür faciənin bir daha təkrarlanmaması üçün barışıq və davamlı sülh naminə çalışmaq bizim kollektiv borcumuzdur", - səfir qeyd edib.

ABŞ səfirliyi Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edib

ABŞ-nin Azərbaycandakı səfirliyi Xocalı soyqırımı qurbanlarını yad edib.

Bu barədə səfirliyin "X" hesabındakı paylaşımda qeyd olunub.

"Bu gün biz Azərbaycan xalqı ilə birgə 1992-ci ildə Xocalıda şəhid olanların xatirəsini ehtiramla yad edir, onların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk", - müvəqqəti işlər vəkili Hüqo Qevara bildirib.

Xankəndi, Xocalı və Ağdərədə bayraqlar yarıya qədər endirilib - FOTO

Xankəndi, Xocalı və Ağdərədə bayraqlar yarıya qədər aşağı salınıb.

Bu addım Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar atılıb.

Bu gün saat 17.00-da isə Azərbaycanın bütün ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.

 

 

 

 
Prezident və xanımı Xocalı soyqırımı abidəsini ziyarət ediblər

XX əsrdə bəşər tarixinə Xocalı soyqırımı kimi daxil olan qanlı faciənin 33-cü ildönümü ilə əlaqədar fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva soyqırımı qurbanlarının xatirəsinə Bakının Xətai rayonunda ucaldılmış abidəni ziyarət ediblər.

Dövlət başçısı Xocalı soyqırımı abidəsinin önünə əklil qoyub, faciə qurbanlarının xatirəsini ehtiramla yad edib.

Birinci xanım Mehriban Əliyeva abidənin önünə gül dəstəsi qoyub, soyqırımı qurbanlarının xatirəsinə ehtiramını bildirib.

Xəbər lenti