![]() |
|
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olmaqda təqsirləndirilən 1988-ci il təvəllüdlü Elman İbrahimova hökm oxunub.
Hakim Samir Əliyevin icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə E. İbrahimovun günahsız olması qərarına gəlinib və ona bəraət verilib. Məhkəmə zalından azadlığa buraxılan E. İbrahimov sevindiyindən huşunu itirib.
İttihama görə, hadisə Bakıda inzibati qaydada saxlanılanların Müvəqqəti Saxlanma Yerində baş verib. E.İbrahimov onunla birgə saxlanılan Çingiz Xəlilovla dava edərək onu döyüb və xəstəxanaya yerləşdirilən Ç.Xəlilov orada ölüb.
E. İbrahimov Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma; zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilir.
Lakin məhkəmədə ifadə verən E. İbrahimov heç kimi öldürmədiyini deyib: "Mən kamerada yatmışdım, qəfildən kimsə barmaqlarını gözümə soxdu. Oyanıb gördüm ki, o adam üstümdə oturub, dizini də sinəmə qoyub. Mən onu itələdim, yıxıldı. Sonra da polislər gəlib onu apardılar, Çingizi o qədər döydülər ki, üst-başı qanın içində idi. Sonra gəlib mənə də dedilər ki, "Elman sən sakit adamsan, amma bir də belə olsa, səni də döyəcəyik". Çingiz otaqda gəzirdi, halı özündə idi, qəfildən yerə yıxıldı. Onu apardılar xəstəxanaya, biraz keçəndən sonra polislər gəlib məni döyməyə başladı. Niyə döydüklərini də demirdilər. Sonra bildim ki, Çingiz ölüb.
Cənab hakim, sənədlərin içində 17 dəqiqəlik video var, xahiş edirəm ona tam baxın. Orada görəcəksiniz ki, polislər Çingizi neçə dəfə kameradan çıxarıb aparırlar, biraz keçəndən sonra gətirirlər. Hər dəfə aparanda döyüb gətirirdilər. Çingiz mənlə mübahisə etmədən əvvəl də neçə dəfə polislər onu döymüşdü.
Mən kişi kimi deyirəm ki, o adamı mən öldürməmişəm".
Murad Əhməd
Füzuli rayonunda qadın qadını bıçaqlayıb.
Hadisə rayonun Fin şəhərciyində baş verib.
Ailəli olan kişi başqa bir qadınla sevgili olub və mütəmadi görüşüb. Onun arvadı da bu hadisədən məlumatlı olub. Ərini izləyən qadın onun başqa qadınla görüşdüyünün şahidi olub. Onların birgə olduğu evə gələn qadın ərinin sevgilisinə çoxsaylı bıçaq zərbəsi vurub. Yaralı olan qadın xəstəxanaya yerləşdirilib və onun həyatını xilas etmək mümkün olub.
Hadisəni törədən qadın isə saxlanılıb.
Füzuli Rayon Polis Şöbəsindən faktı təsdiqləyiblər. Şöbədən bildirilib ki, hadisə ailə məsələsi olduğu üçün adlar açıqlanmır. Hazırda istintaq davam etdirilir.
Axşam saatlarında Lənkəran rayonunda bıçaqlanma olub.
Hadisə Liman şəhərinin "Sovxoz" adlanan ərazisində qeydə alınıb.
Qonşuların sözlərinə görə, mal-qara örüşdən qayıdan zaman heyvanları qarşılamağa gedən 1974-cü il təvəllüdlü Əliyev Yusif Əli oğlu qonşusu ilə mübahisəsi edib. Mübahisəyə Y.Əliyevin iribuynuzlu heyvanlarının qonşuya məxsus əraziyə keçməsi səbəb olub. Mübahisə zamanı qonşu Y.Əliyevə bir neçə bıçaq zərbəsi vurub. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Vurulan şəxs Liman şəhərinin axundunun qardaşıdır.
Faktla bağlı araşdırma aparılır.
Avqustun 12-də Neftçala rayon ərazisindəki evlərin birinin həyətindən 2 baş qoyun oğurlanıb.
Cinayəti törətməkdə şübhəli bilinən Xıllı qəsəbə sakinləri Raiq Qədirov, Cəlal Miriyev və Abbas Cəbrayılov saxlanılıblar.
R.Qədirovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə avqustun 17-də onun həmyerlisi Firuddin Qafarovla birgə rayon ərazisindəki evlərin birindən 24000 rubl , 50 manat pul, 2500 manat dəyərində qızıl əşyalar və mobil telefon oğurlaması da müəyyən edilib.
Görülmüş tədbirlərlə F.Qafarov saxlanılıb. Aparılan araşdırmalar nəticəsində onun sentyabrın 1-də Xıllı qəsəbəsindəki evlərin birindən 27 manat və 1000 ABŞ dolları, habelə həmyerlisi Əmanət Umudovla birgə cari il aprelin 5-də daha bir evdən 360 manat və 500 ABŞ dolları, 2350 manat dəyərində qızıl əşyalar oğurlaması aşkarlanıb.
Keçirilən əməliyyat tədbirləri ilə Ə.Umudov da saxlanılaraq RPŞ-yə gətirilib. Bəlli olub ki , bu il mayın 23-də o, rayon ərazisindəki evlərin birindən 1700 manat və 200 ABŞ dolları, 5000 manat dəyərində qızıl əşyalar oğurlayıb.