![]() |
|
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon idarəsində və Goranboy rayon şöbəsində aparılmış xidməti yoxlamalar nəticəsində qanun pozuntuları aşkar edilib.
“Fəaliyyətlərində nöqsan və çatışmazlıqlar aşkar olunan 9 əməkdaş ciddi intizam məsuliyyətinə cəlb edilib. O cümlədən xidməti fəaliyyətlərini şəxsi maraqları üzərində qurub vətəndaşlara qarşı qanunsuz tələblər irəli sürməklə qanunla qorunan hüquqlarını pozan 3 əməkdaş xidmətdən xaric olunaraq əməllərinə hüquqi qiymət verilməsi üçün barələrində toplanmış material Baş Prokurorluğa göndərilib.
“Xidmətin strukturunda korrupsiya hüquq pozuntusu və digər qanunsuz tələblə üzləşən vətəndaşların 9100 Çağrı Mərkəzinə və ya info@seferberlik.gov.az elektron ünvanına müraciət etməsi xahiş olunur. Xidməti fəaliyyətdə şəffaflığın və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə bu kimi tədbirlər davamlı olaraq həyata keçiriləcək”, - deyə Dövlət xidmətinin yaydığı məlumatda qeyd edilib.
Bakı şəhəri, Xətai rayonunun Keşlə qəbiristanlığında bəzi qəbirlər çöküb, ətrafı isə dağılıb. Sakinlərin iddialarına görə, bir neçə gün əvvəl ərazidə partlayış səsi eşidilib.
Xəzər TV bildirir ki, bir ailənin üç üzvünün dəfn olunduğu ərazidə ciddi dağıntılar yaranıb. Torpağın altından yüksəktəzyiqli su kollektorunun səsi eşidilir, bəzi qəbirlər isə tamamilə itib.
Bakı Şəhər İcra Hakimiyyətinin baş mühəndisi və Keşlə qəbiristanlığının müdiri bu məsələ ilə bağlı açıqlama verməkdən imtina ediblər.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, illər öncə tullantı sularının axıdılması üçün nəzərdə tutulan kollektorun üzərində salınan qəbirlərdən biri torpaq aşınması səbəbindən dağılıb. İki qəbir isə hazırda dağıntı təhlükəsi ilə üz-üzədir. Bu məsələ ilə bağlı müvafiq orqanlara dəfələrlə müraciət olunduğu və ərazidə baxış keçirildiyi qeyd edilib.
Kollektorda hər hansı qəza hadisəsi baş vermədiyi, həmçinin xətdə rejim dəyişikliyinin olmadığı bildirilib. Problemin əsas səbəbi olaraq kollektorun üzərində qəbiristanlıq salınması göstərilib, bir neçə qəbir birbaşa magistral xəttin üzərinə düşüb.
Bakı Şəhər Əhaliyə Vətəndaşlıq Xidmət Trestindən isə qeyd edilib ki, yağış suları kollektorunda baş verən qəza nəticəsində torpaq qatında çökmə baş verib. Bu səbəbdən uzun illər öncə dəfn edilmiş şəxslərin məzarlarına ziyan dəyib. Trest tərəfindən təhlükəli zonada yerləşən daha beş məzarın digər əraziyə köçürülməsi təmin edilib. Hadisə ilə bağlı kollektorun balansdaşıyıcısına müraciət olunub.
Bakıda tıxac olan yollar açıqlanıb.
“Bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Hazırda yollardakı vəziyyət:
1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;
2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
3. Sabunçu-Zabrat şosesi, "Koroğlu" metrostansiyası istiqamətində;
4. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.
Xəzər dənizində 3,3 maqnitudada zəlzələ qeydə alınıb.
Bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Məlumata görə, təbiət hadisəsi yerli vaxtla saat 3:34-də qeydə alınıb. Zəlzələ ocağı 75 kilometr dərinlikdə yerləşib.
Xatırladaq ki, son həftələr Xəzər dənizində seysmoloji aktivlik daha çox müşahidə edilir. Belə ki, oktyabrın 16-da, 18-də, 19-da, 23-də, habelə noyabrın 7-də Xəzərdə zəlzələlər qeydə alınıb.
Noyabrın 7-də paytaxtda hərəkətin intensiv olduğu yolda təkrar xuliqanlıq hərəkətləri etməklə, nəqliyyat vasitələrinə mane yaradan şəxs saxlanılaraq həbs edilib.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, dəfələrlə törətdiyi cinayət əməllərinə görə əvvəllər məhkum olunan, 1992-ci il təvəllüdlü T.Ələsgərli barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə polis idarəsində cinayət işi başlanılıb.
Cinayət işi üzrə istintaq hərəkətləri aparılır.
Gəncə şəhərindəki yaşıllıqlar - ağaclar və kollar geniş miqyasda xəstəliklərə məruz qalır.
Milli.Az xəbər verir ki, ən çox ziyan çəkən bitkilərin Gəncənin simvollarından sayılan çinar ağacları olduğu bildirilir.
Mütəxəssislərin sözlərinə görə, artıq şəhər ərazisindəki çinar ağaclarının 15 faizindən çoxu ciddi təhlükə ilə üzləşib.
Elmi işçi Gülcamal Ələsgərova bildirib ki, bu ağaclarda aşkar olunan çinar bağacığı insanlarda da narahatlıq yaradır: "Bu zərərvericilər çinarın altında kölgə quran insanların üzərinə düşərək onları dişləyir və allergiya yaranmasına səbəb olur".
Eyni zamanda, qeyd edilib ki, xəstəliklərin qarşısını almaq üçün ağacların gövdəsi yuyulmalı, ətraf təmizlənməli və ölkəyə gətirilən əkin materialları müvafiq şəkildə dezinfeksiya olunmalıdır.
Gəncədə bıçaqlanma hadisəsi olub.
“Qafqazinfo”nun məlumatına görə, Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər sakini 1992-ci il təvəllüdlü A.Rəhimovaya kəsici-deşici alətlə bədən xəsarətləri yetirilməsi barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, zərərçəkmişin həyat yoldaşı, 1990-cı il təvəllüdlü Tural Rəhimov şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Şəkidə oğurluq etməkdə şübhəli bilinən maskalı şəxslər tutulub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakinləri, əvvəllər də məhkum olunmuşlar - Sadiq Əliyev, Şahid Ballıyev və Elton Paşayev müəyyən olunaraq saxlanılıblar.
Onlar maskalı şəkildə zərərçəkənin həyətyanı sahəsinə daxil olaraq heyvanları oğurladıqlarını və müxtəlif şəxslərə sataraq əldə etdikləri qazancı aralarında böldüklərini bildiriblər.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılanların hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
Yevlaxda ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal" məlumatına görə, Qaramanlı-Qoyunbinəsi istiqamətində VAZ-2107 markalı avtomobillə motosikletin toqquşması nəticəsində Ruslan Əhmədov dünyasını dəyişib.
Ruslan Əhmədov Bərdə rayon icra Hakimiyyətinin başçısı Vidadi İsayevin bacısı oğludur.
Bu ilin oktyabr ayında dövlət sərhədinin müxtəlif istiqamətlərində üç milyon manatdan çox qaçaqmal saxlanılıb.
Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) oktyabr ayı üzrə yaydığı icmalında bildirilib.
Məlumata görə, qaçaqmalçılıq fəaliyyətinə qarşı həyata keçirilən mübarizə tədbirləri nəticəsində ümumi dəyəri 3 milyon 888 min 79 manat оlan qaçaqmal, о cümlədən dərman vasitələri, spirtli içkilər və tütün məmulatları saxlanılıb.