![]() |
|
Son günlərdə gündəmi zəbt edən müzakirə və polemikalar göstərdi ki, kənardan heç nəyi vecinə almayan, məişət qayğıları ilə məşğul kimi görünən şəxslər də yeri gələrsə, ortaya mövqe qoymaq iqtidarındadırlar.
Mövzunun nə olmasından asılı olmayaraq, bu, olduqca sevindirici haldır. Yaşından, vəzifəsindən, harda yaşamasından asılı olmayaraq, özünü azərbaycanlı sayan hər bir kəs məlum mövzu ilə bağlı öz mövqeyini göstərdi, müzakirələrə qoşuldu, nəyəsə etiraz etdi, bir-birinə dəstək oldu. İctimai qınağın hər hansı bir formada təzahürü millətin yekdilliyindən xəbər verir. Kaş ki, bu özünü hansısa vətəndaşın bizə məlum olmayan səbəbdən ortaya atdığı önəmsiz bir fikirdə deyil, daha ciddi məsələlərdə büruzə verərdi.
Uzun müddətdir ki, sosial şəbəkələrin müzakirə mövzusu hansısa efir qadınının qısa ətəyi ilə “xəyanətkar qadın”ın qırxılan saçı arasında gedib-gəlirdi. Pafoslu sözlərlə bəzəmək istəmədiyim son hadisə isə bu ayların ən ciddi müzakirə mövzusu olaraq gündəmi tamamilə dəyişdi. Lakin məsələnin Milli Qəhrəmanın valideynlərinə, Milli Məclisə, qardaş ölkə mediasına qədər gedib çıxmasına şərait yaratmaq bizim öz səhvimizdir.
Söz azadlığının mövcudluğundan ağız dolusu danışdığımız bir zamanda gənc bir qızın bəyənmədiyimiz, razı olmadığımız fikirlərinə qarşılıq olaraq aqressiv, kobud, radikal reaksiya verməli deyildik. Məsələnin xanımın məhkəməyə verilməsi qədər böyüməsi vətəndaş cəmiyyətimizin qüsuru hesab olunmalıdır. Hər kəsə gün kimi aydın olan həqiqətlərimizi hansısa vətəndaş qəbul etmirsə, bu, öz günahımızdır. Məhkəmə, təhqirli cavablar, aşağılamalar xanımın öz fikrini nəinki dəyişməyəcək, hətta bu fikrində inadlaşmasına səbəb olacaq.
Əvvəlcə öz səhvlərimizdən danışaq.
Cəmiyyətin öz qəhrəmanını müdafiə etməsi, vətəndaş mövqeyini ortaya qoyması alqışa layiqdir. Lakin hər hansı bir qızcığazın sayıqlamaları buna layiq idimi?
Onu bizim dəyərlərimizə hörmətlə yanaşmamaqda ittiham etdiyimiz zaman öz vətəndaşımızın ünvanına təhqirlər yağdırdıq, onu aşağıladıq, linç etdik. Bəs buna ehtiyac var idimi?
Biz cəmiyyət olaraq dəyərlərimizlə paralel öz ictimai qınaq mexanizmimizi də formalaşdırmalıyıq.
Şortikli qız, cinsi azlıq nümayəndəsi olan ekstrasens, ictimai nəqliyyatda söyüşlə danışan sərnişin... Biz axı bu mövzulardan daha yüksəkdəyik. Axı daha önəmli, daha əhəmiyyətli, daha ciddi mövzulara toxunmaq vaxtıdır.
Məsələn, qadın zorakılığına, regionlarda qız uşaqlarının təhsil ala bilməməsinə, cinsi istismara, pedofilliyə, məişət cinayətlərinə, narkotik maddələrin gənclər arasında yayılmasına və bu kimi onlarla mövcud problemə qarşı birləşib ictimai qınaq formalaşdırmaq mümkündür.
Minlərlə insanın haqqında danışdığı və yavaş-yavaş aktuallığını itirən bu mövzu haqda çox yazmaq olardı, amma, zənnimcə, hər kəsin mövqeyi aydındır.
Bəli, heç bir dövlət, heç bir qurum, heç bir cəmiyyət öz vətəndaşına kimləri özünə qəhrəman seçməlidir deyə bir göstəriş verə bilməz. Amma pasifizmin də öz sərhədləri var.
Qloballaşan dünyada vətən, bayraq, ordu, milli mənsubiyyət məfhumları öz müqəddəsliyini və toxunulmazlığını itirməkdədir. Bunun sosial, fəlsəfi səbəbləri olduğu qədər də siyasi səbəbləri var. Yeni nəsil olaraq biz sülh tərəfdarı ola, müharibəni lənətləyə bilərik. Bu, hətta bizim borcumuzdur. Bəşəri dəyərlərə yiyələnmək, irqi, dini mənsubiyyətə fərq qoymadan dünya insanını sevmək və gələcək nəsilə də bu ideologiyanı ötürmək bizim ümdə vəzifəmizdir.
Lakin bunları etdiyimiz zaman öz milli mənsubiyyətimizi, tariximizi, mənəviyyatımızı, dəyərlərimizi və ən əsası itkilərimizi unutmamalıyıq.
Mövzunun xırdalıqlarına enərsək, günlərlə müzakirə olunacaq hadisələr, tarixi faktlar, faciələrimiz var. Baş verənləri yad edib özümüzə acımaq yerinə tarixdən dərs alıb sələflərimizin səhvlərini təkrarlamamalıyıq. Babalarımıza edilən Mart xəyanətini əfv edib yeni Xocalılara yol verməməliyik.
Bəli, biz sülh tərəfdayıq, biz bəşəri dəyərlərə hörmətlə yanaşırıq, lakin biz müharibə şəraitindəyik.
İndi isə keçək ikinci məqama.
Tolerantlıq, liberallıq, kosmopolitlik kimi deyişi gözəl sözlər dünyaya sülh vəd edə bilər, amma bu ideologiyalar özləri də dəyər, inanc və əqidələrə dözümlü yanaşmağı tələb edir. Bu ideologiyalardan heç biri hər hansı bir cəmiyyətin inancını, dəyərini və mənəviyyatını nəinki təhqir etmək, heç sual altına qoymağa da izn vermir.
Müasir dünyanın bizə sunduğu tolerantlıq nədir? Krenstonun sözləri ilə desək, dözümlülük xoşlanılmayan və ya bəyənilməyən hər hansı bir şeyin mövcudluğunda təmkinlik göstərmə siyasətidir. Hər kəsin mövcud hadisə, dəyər və şəxslərə öz subyektiv yanaşması, subyektiv dəyərləndirməsi ola bilər, olmalıdır. Lakin elə mövzular var ki, onlara toxunanda iki dəfə düşünmək lazımdır. Yaşadığın cəmiyyətin heysiyyətinə toxunacaq fikirlərini “söz azadlığı” deyib ifadə etməkdənsə, həqiqət bildiyin düşüncələri özün üçün saxlamaq daha məqsədəuyğundur.
Məqsəd sadəcə olaraq hər kəsdən fərqli düşündüyünü cəmiyyətə göstərmək idisə, buna nail olundu. Yox əgər bu addım Devis Harri olmaq cəhdi idisə, bunun üçün hələ çox çalışmaq lazımdır.
“Aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında” Sərəncam sözügedən təbəqənin rifahının yüksəldilməsinə xidmət edir.
Bu sözləri Axar.az-a Prezident İlham Əliyevin aztəminatlı ailələrə birdəfəlik yardımın verilməsi haqqında sərəncamına münasibət bildirən millət vəkili Adil Əliyev deyib. Millət vəkili ölkə başçısının aztəminatlı ailələrə ünvanlı yardımların verilməsi ilə bağlı sərəncamını yüksək qiymətləndirib:
“Aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında” Sərəncam sözügedən təbəqənin rifahının yüksəldilməsinə xidmət edir. Dövlət başçısı hər aman aztəminatlı ailələrin yaşayış və güzəranının yaxşılaşdırılması istiqamətində tapşırıqlar verib, tədbirlər görüb, sərəncamlar imzalayıb. Dövlətin əhalinin sosial rifahının yüksəldilməsi ilə bağlı siyasəti təkcə millət vəkilləri deyil, hər kəs tərəfindən yüksək qarşılanır. Prezidentin növbəti sərəncamı da bu yöndə atılan müsbət addımlardan biridir”.
Qeyd edək ki, Prezident İlham Əliyev aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında sərəncam imzalayıb.
Gülənin ekstradisiyası təkcə Trampdan asılı olsaydı, bəlkə də Gülən artıq Türkiyəyə təhvil verilmişdi.
Bu sözləri Axar.az-a ABŞ-ın Fətullah Güləni Türkiyəyə təhvil verəcəyi ilə bağlı xəbərlərin yenidən aktuallaşmasına münasibət bildirən politoloq Əhəd Məmmədli deyib. O bildirib ki, ABŞ-da hər şey prezidentdən asılı olmadığına görə, bu məsələnin tezliklə gerçəkləşməsinə inanmır:
“Fikrimcə, Fəratın şərqi tam terrorçulardan təmizlənməyənə qədər Gülənin ekstradisiya edilməsi reallışmayacaq. PKK və FETÖ məsələləri bir-biri ilə bağlıdır. Türkiyə və ABŞ-ın bu problemin çözümü haqqında danışıqlar aparması dəqiqdir. Bu danışıqlar çoxdan gedir. Amma təəssüf ki, ciddi bir irəliləyiş yoxdur. Türkiyə gücləndikcə Fətullahın ABŞ üçün əhəmiyyəti azalacaq”.
Politoloq qeyd edib ki, bu, həm də bir nüfuz məsələsidir:
“Ola bilsin ki, ABŞ buna görə Güləni təhvil verməsin. Çıxış yolu kimi isə yaşlanmış, heç kimə lazım olmayan Fətullahın yeməyinə nə isə qatıb infarkt adı ilə bu problemi kökündən həll etsinlər. Gülən öləndən sonra başsız qalan “intellektual” terror örgütü deqradasiyaya uğrayıb, tarixin zibilliyinə gömüləcək. Əgər Gülən sağ olarkən Türkiyəyə təhvil verilsə, bu Türkiyə və AKP iqtidarının böyük qələbəsi olacaq. Rəcəb Tayyib Ərdoğanın nüfuzu ölkə daxili və xaricində artacaq, Türkiyə-ABŞ münasibətləri ciddi şəkildə yaxşılaşmaya doğru gedəcək. Yuxarıda qeyd etdiyim kimi, bütün bunlar YPG-PYD-YPD probleminin həlli ilə paralel getməlidir. Türkiyənin Menbiçdə yeni əməliyyatının başlanmasına ABŞ-dan sərt reaksiya gəlməməsi bu məsələdə də Türkiyə ilə ABŞ-ın hansısa razılığa gəlməsindən xəbər verir”.
Politoloq Məhəmməd Əsədullazadə isə bildirib ki, ABŞ-ın görüntü olaraq FETÖ-yə qarşı həbsləri və Gülənin ekstradisiya etmək kimi mesajı reallıqlara əsaslanmır:
“Vaşinqton Türkiyənin Menbiç əməliyyatının qarşısını almaq üçün FETÖ üzvlərinə qarşı ABŞ-da həbslər həyata keçirir, həmçinin Fətullah Gülənin ekstradisiyasının mümkün olduğunu qeyd edirlər. Təbii ki, bütün bunlar Türkiyənin “Cənub Hərəkatı” adlı hərbi əməliyyatının qarşısını almağa yönəlib. Amma ABŞ Suriyada türkiyə ilə birgə hərəkət etsəydi, bu gün Suriya ABŞ-ın tam nəzarətində idi. Sadəcə, İsrail faktoru ABŞ-ı Türkiyəni deyil, YPG terror təşkilatını seçməyə vadar edib. Rusiya isə Türkiyənin bu əməliyyatına dəstək verir. Çünki NATO müttəfiqi olan iki ölkə arasında yaşanan gərginlik Moskvanın geosiyasi maraqlarına cavab verir. Hətta Moskva Əsədi bu əməliyyata dəstək vermək üçün razı salıb”.
Politoloqun sözlərinə görə, Suriyada ABŞ və Türkiyə arasında siyasi qarşıdurmanın hərbi qarşıdurmaya keçməsi gözlənilməsə də, iki ölkə arasında müttəfiqlik əlaqələrində dərin böhran yaşanacaq:
“Vaşinqtonun üçüncü vasitə ilə Türkiyəyə qarşı mübarizə aparması gözlənilir. ABŞ Suriyada kürd kartından heç vaxt əl çəkməyəcək. Suriyada əsas müttəfiqi terrorçu kürd təşkilatları vasitəsi ilə öz regional maraqlarını davam etdirəcək. Amma bu, uğurlu alınmayacaq. Ona görə ki, Rusiya Suriyada güclənir və Türkiyə, İran bu plana qarşı birgə hərəkət edir”.
Son günlər Milli Qəhrəman Mübariz İbrahimovla bağlı yaranmış qalmaqal bizi Azərbaycanın qəhrəman oğullarına, ümumilikdə milli dəyər kəsb edən şəxsiyyətlərinə qarşı aparılan “siyasət” haqda ciddi düşünməyə vadar edir. Xatırlatmaq yerinə düşər ki, Mübariz İbrahimov haqqında deyilmiş “qəhrəman hesab etmirəm” sözü daha əvvəl digər bir igid hərbçimiz Ramil Səfərovla da bağlı deyilmişdi.
Əslində, dəyərlərə, milli ruha qarşı təşkil olunmuş bu hücum bizə heç də yad deyil. İmperialist qüvvələr maraqları olan dövlətlərdə zaman-zaman bu kimi dəyərlərin dağıdılması siyasətini yürüdüblər: bu, təkcə ötən əsrdə deyil, elə günümüzdə də aparılır.
Sözsüz, Mübariz İbrahimov kimi Ramil Səfərov da xalqımızın üzləşdiyi bəlaların baiskarı olan bir ordunun əsgərlərinə - hərbi forma geyinmiş erməni quldurlarına lazımi dərsi vermişdi. Ancaq bu iki olay mahiyyət etibarilə bir-birindən fərqlənir.
Qəhrəman polkovnikimiz Ramil Səfərov erməni hərbi birləşmələrinin işğal etdiyi Cəbrayıl rayonunda doğulub. Belə olan halda şəxsən şahidi olduğu erməni işğalının onun yaddaşında hansı dərin izlər qoyduğunu, onda sarsıntı yaratdığını anlamaq elə də çətin deyil. Bu sarsıntılar, ağrılar azmış kimi, bir də erməni zabiti Qurqen Markaryan Budapeştdə mötəbər bir təlimdə Azərbaycan bayrağını və onun özünü həyasızcasına təhqir etdi. Belədə Ramil Səfərov ədaləti özü bərpa etməyi qərara aldı və günahsız insanlarımızı, gənc əsgərlərimizi qətlə yetirmək üçün yetişdirilən bir erməni leytenantını – Qurqen Markaryanı məhv etdi.
Heç kimə sirr deyil ki, xüsusi şəkildə hazırlanmış bu erməni kadr-zabiti yaşasaydı, hazırda işğal olunmuş torpaqlarımızda əsgərlərimizi şəhid etməklə məşğul olacaqdı.
Yəni Ramil Səfərov təkcə öz qisasını almadı, həm də onlarla əsgərimizi, hərbçimizi qaniçən, dəyərləri tapdalayan, hərbi qanunları heçə sayan, zabit adına qətiyyən uyğun gəlməyən (!) bir erməni quldurdan xilas etdi.
Fikrimizi ümumiləşdirək: Ramil Səfərov düşməni məhv etməklə həm Azərbaycan bayrağını təhqir edən birini cəzalandırdı, həm də Qarabağda ermənilər tərəfindən qətlə yetirilən qohumlarının qisasını aldı.
Mübariz İbrahimovun həyata keçirdiyi akt isə tamamilə fərqlidir. Diqqət çəkən məqam odur ki, Mübariz İbrahimov cəbhə xəttində yerləşməyən Biləsuvar rayonunda anadan olmuşdu və Qarabağ savaşı baş verəndə onun yaşı çox az idi. Yəni bu müharibənin ağrılarını, xalqının çəkdiyi zülmləri sonradan öyrənib, yaddaşına köçürmüşdü.
Mübariz bu olayların canlı şahidi olmasa da, ağrıları illərlə özündə daşımış və nəhayət, həlledici məqamda düşmənə sarsıdıcı zərbəni endirmişdi. Bir məqamı xüsusilə qeyd etmək yerinə düşər ki, Mübarizi Ramil Səfərovda olduğu kimi, bu aktı həyata keçirməyə təhrik edən konkret bir şəxs yox idi.
Ramil Səfərov olayında milli dava ilə yanaşı, bir qədər qisasçılıq (çünki torpağı işğal edilmiş, qohumları qətlə yetirilmişdi) çaları var idi. Ramil olayından 6 il sonra böyük bir akta imza atan Mübariz isə heç bir tapışırıq olmadan, sırf xalqı və ölkəsi üçün erməni səngərinə daxil olaraq, təkbaşına xeyli sayda düşmən hərbçisini məhv etmişdi.
Belə demək mümkünsə, M.İbrahimov Azərbaycan ordusunun bir bölüyünün, taborunun görəcəyi işi təkbaşına görmüşdü. Mübariz bir əsgər deyildi, ordu idi. Və bu “ordu” təkcə düşmənə ağır psixoloji zərbə endirmədi, həm də Azərbaycan xalqının yaddaşına həkk edilmiş məğlubiyyət düşüncəsini silib tulladı.
Təbii, Azərbaycan kimi tolerant ölkədə humanizm prinsipləri əsas götürülür. Ancaq istər Ramil, istərsə də Mübariz – hansı humanizm prinsipini pozmuşdu? Onlar kimi öldürmüşdü? Cavab bəllidir: Azərbaycan torpaqlarında işğalı davam etdirən əli silahlı erməni əsgər və zabitlərini. O zabitlər ki, komanda veriləcəyi təqdirdə heç düşünmədən mülki şəxslərimizi hədəfə alacaqdılar. Necə ki, bunu uzaq və yaxın keçmişdə etmişdilər.
Hadisələrin mahiyyəti fərqli olsa da, hər iki hərbçimizin etdiyi qəhrəmanlıq milli ruhun yüksəlişi baxımından böyük əhəmiyyət kəsb edir.
Bir faktı da unutmayaq: Əlbəttə, Mübarizin həyata keçirdiyi aktla, özünü qurban verməsi ilə Ramilin addımı arasında böyük fərq var. Ancaq Mübarizin misli görünməmiş qəhrəmanlığında Ramil Səfərovun bu cəmiyyətin altşüuruna ötürdüyü xüsusi “cəsarət və qürur” informasiyasının xüsusi rolu olduğunu, həmçinin xalqın və dövlətin Ramil Səfərovla bağlı sərgilədiyi mövqenin rolu olduğunu kimsə dana bilməz.
Ona görə də Mübariz İbrahimovun gənclərimizə, ümumilikdə xalqımıza ötürdüyü böyük qəhrəmanlıq ruhunu kimsə sarsıtmağa cəsarət edə bilməz!
Bu il Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni illə bağlı qeyri-iş günlərinin sayı açıqlanıb.
Bu gün hərbçilərin həyatında çox əlamətdar bir gündür.
Mübariz İbrahimovun ermənilərin nəzarəti altında olan ərazilərə daxil olduqdan sonra nələr etdiyini dəqiq bilməməklə bərabər, bəzi təxminlər apara bilərik.
Axar.az xəbər verir ki, bu sözləri professor, hüquqşünas Fərhad Mehdiyev deyib. O bildirib ki, Mübariz İbrahimovun cəbhə xəttinin o tayında mülki şəxsləri öldürmədiyi şübhəsizdir:
“Əgər mülki şəxsləri öldürsəydi, bunu ermənilər mütləq yazardı. Yazmadıqlarına görə, deməli, Mübariz İbrahimov silahsız ermənilərə toxunmayıb. Mübariz İbrahimovun neçə erməni əsgərini və hansı şəraitdə öldürdüyünü də bilmirik və bu, bizə lazım da deyil. Müharibə qanunları, konkret olaraq Cenevrə Konvensiyaları yuxuda olan, yemək yeyən, lap çimən düşmən əsgərini öldürmə hüququ verir. Ancaq döyüş qabiliyyətini itirmiş yaralı, ya da təslim olmaq istəyən düşmən əsgərini öldürmək olmaz. Yuxuda yatanları isə bomba qoyub partlada bilərsiniz, buna icazə var”.
F.Mehdiyev vurğulayıb ki, bu səbəblə ağlınızda hər hansı şübhəyə yer qoymadan bilin ki, Mübariz İbrahimov qəhrəmandır:
“Erməni əsgəri bizim torpaqda olduğu müddətcə işğalçı sayılır və öldürmək üçün legitim bir hədəfdir”.
Mübariz İbrahimovu təhqir etməsi ilə gündəmə gələn "psixoloq" olduğu deyilən Nərmin Şahmarzadə adlı gənc Milli Qəhrəmanın valideynlərindən üzr istəyib.
Azərbaycanda ordu quruculuğu prosesi uğurla, sürətlə gedir.
Axar.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Sabunçu rayonunda hərbçilərə yeni mənzillərin verilməsi mərasimində iştirakı zamanı deyib.
Prezidentin sözlərinə görə, Azərbaycan dünyada güclü orduya malik olan ölkələrin sırasındadır.
“Ordumuzun maddi-texniki bazası möhkəmlənir, ən müasir texnika, silahlar alınır. Bu il keçirilmiş iki hərbi parad bizim hərbi gücümüzü bütün dünyaya göstərib. Bu gün ordumuz texniki təchizat baxımından dünya miqyasında seçilən ordular sırasındadır. Əlbəttə ki, bizim güclü hərbi potensialımız Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əsas amildir. Ordumuzun döyüş qabiliyyəti artır. Bu gün ordumuz istənilən vəzifəni icra etməyə hazırdır, buna qadirdir. Son illərin hadisələri bunu əyani şəkildə göstərir. Deyə bilərəm ki, bu il də Naxçıvan istiqamətində Ermənistan-Azərbaycan sərhədi sahəsində ordumuzun uğurlu əməliyyatı nəticəsində 11 min hektar torpaq tam nəzarətimizə keçmişdir. Biz strateji yüksəklikləri əldə etdik. Bu yüksəkliklərin əldə edilməsi bizə imkan verir ki, Ermənistan ərazisində strateji yollara, kommunikasiyalara tam nəzarət edə bilək. Həm Aprel döyüşləri, həm də uğurlu Naxçıvan əməliyyatı bir daha onu göstərir ki, ordumuz peşəkardır, döyüş qabiliyyəti yüksək səviyyədədir. Ordumuzda yüksək ruh mövcuddur və ordumuz istənilən vəzifəni icra edə bilər.
Əlbəttə, bir daha demək istəyirəm ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün bütün başqa amillərlə yanaşı, ən birinci amil bizim hərbi gücümüzdür, qüdrətimizdir. Biz gücümüzü artırırıq və artıracağıq. Onu da bildirməliyəm ki, bu il bir çox önəmli kontraktlar imzalanmışdır. Bu kontraktların icrası nəticəsində ölkəmizə ən müasir silahlar və texnika gətiriləcəkdir. Bu gün mövcud olan texnika və silahlar imkan verir ki, biz işğalçıların istənilən hərbi hədəfini yüksək dəqiqlik və böyük dağıdıcı qüvvə ilə darmadağın edə bilək. Əlbəttə, hər bir ölkənin, o cümlədən müharibə şəraitində yaşayan ölkələrin gücünü, ilk növbədə, onun hərbi qüdrəti müəyyən edir”, - prezident bildirib.
Azərbaycan siyasi rəhbərliyinin Dağlıq Qarabağla bağlı apardığı uzunmüddətli siyasət çox uğurlu nəticələr verdi. Ermənistanda hakimiyyət dəyişikliyi, İrəvanın KTMT çərçivəsində məğlubiyyəti və böhrana sürüklənməsi bunun bariz nümunəsidir.
Bu sözləri Axar.az-a 2019-cu ildə Dağlıq Qarabağa dair gözləntiləri haqda danışan Elxan Ələsgərov deyib. Politoloq bildirib ki, Qarabağ klanının tamamilə məğlubiyyətə uğraması və bu fonda Ermənistanda qərbyönümlü qüvvələrin hakimiyyətə gəlməsi özlüyündə Qarabağ ətrafında yeni vəziyyət yaradır:
“Paşinyanın hakimiyyəti elə bir dövrə təsadüf edir ki, Ermənistan tamamilə təcrid vəziyyətindədir. Ölkənin iqtisadiyyatı demək olar ki, yoxdur, dövlətin pulları tamamilə mənimsənilib. Ermənistan ordusu sadəcə KTMT və Rusiyadan asılı vəziyyətdə olan bir hərbi birləşmədir. Paşinyanın hakimiyyətə gəlməsi ilə Dağlıq Qarabağın işğalda saxlanılması yönündə qurulmuş bütün sistem dağıdılıb. KTMT heç bir vəchlə Dağlıq Qarabağ mövzusuna girişməyəcək. Qazaxıstan, Belarus və Rusiya isə Ermənistanı müdafiə etməyəcəklərini artıq rəsmən bəyan ediblər. Beləliklə, buradan iki nəticə hasil olur. Birincisi, Ermənistan təklənmiş vəziyyətdədir. İkincisi, işğalçı dərin siyasi böhran yaşayır”.
Politoloqun sözlərinə görə, Avropa İttifaqının və ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünü açıq şəkildə dəstəkləməsi də 2019-cu ildə danışıqlar prosesinə təkan verəcək:
“Ermənistan növbəti ilə Qarabağ mövzusunda uduzmuş bir şəkildə daxil olacaq və artıq siyasi həqiqətlərin qarşısını ala bilməyəcək. Çünki Azərbaycan siyasəti və diplomatiyası sözün əsl mənasında hücumdadır və Qarabağ məsələsinin həlli prioritetdir. Azərbaycanın başqa istiqamətlərdəki uğurlu siyasətini də buraya əlavə etsək, İrəvanın belə bir vəziyyətdə Bakının təzyiqlərinə tab gətirə bilməyəcəyini dəqiqliklə söyləmək mümkündür.
Paşinyan xalqa çox istinad edir. Ancaq zənnimcə, Nikolun ən zəif nöqtəsi elə erməni xalqıdır. Çünki onlar müstəqil Qarabağ ideyasının faktiki olaraq Ermənistanın məhvinə apardığını artıq yaxşı anlayırlar. Bu tendensiyalar davam edərsə, 2019 Qarabağ məsələsinin həlli istiqamətində əsas il olacaq”.