![]() |
|
2023-cü ilin 9 ayı ərzində ümumilikdə 571.8 km uzunluğunda avtomobil yolları, prospekt və küçələr tikilib, yenidən qurulub və təmir olunub.
Bura daxildir:
Respublika əhəmiyyətli - 296,7 km;
Yerli əhəmiyyətli - 254,1 km;
Bakı şəhər yolları - 21,0 km.
YOLUNUZ AÇIQ OLSUN...
ABŞ-nin Azərbaycana ayırdığı hərbi yardımın həcmi Azərbaycanın özünün müdafiə və milli təhlükəsizlik məsələlərinə xərclədiyi pulun cəmi 0,03%-dən 1%-nə qədərini təşkil edir. Amerika Azərbaycana hərbi yardımı dayandırdığını bildirdi.
Bunu iqtisadçı ekspert Eldəniz Əmirov deyib. Ekspert mövzunun kökündə dayanan məqamı belə izah edib: "ABŞ 1991-ci ildə SSRİ-dən sonra müstəqil olan dövlətlərə yardımla bağlı qanun qəbul etdi. 1992-ci ildə erməni lobbisinin təzyiqi ilə yalnız Azərbaycanı bu siyahıdan çıxardı. Yəni bu qanunun 907-ci maddəsinə düzəliş edildi.
2001-ci ildə Amerikanın İraqda və Əfqənistanda apardığı işlərlə bağlı Azərbaycana ehtiyacı olduğu üçün düzəlişi dayandırıldı və Azərbaycana yardımlar edilməyə başladı.
Dünən isə yenidən Amerika tərəfi Ceyms O-Braynin timsalında bildirdi ki, Ermənistanla sülh danışıqlarında irəliləyiş olmayana qədər Azərbaycana yardımlar dayandılacaq.
Amerika birmənalı olaraq hər zaman öz maraqlarına uyğun Azərbaycandan istifadə etmək üçün bu yardımı artırıb və azaldıb. Corc Buş Yaxın Şərq siyasəti zamanı Azərbaycanın müsəlman ölkəsi olaraq beynəlxalq antiterror əməliyyatlarına hərbi-siyasi dəstək verməsi, xüsusən də Əfqanıstana yüklərin daşınmasında əhəmiyyətli tranzit ölkə olması üçün Azərbaycana hərbi yardımı artırdı.
İranla nüvə sazişi imzaladığı və rəsmi Bakıya ehtiyacın azaldığı illərdə isə B.Obama Azərbaycana hərbi yardımları azaltdı. Hətta 2016-2017-ci illər ərzində ABŞ-nin Azərbaycana hərbi yardımı illik 3 milyon dollardan artıq olmadı. Halbuki əvvəlki illərdə bu rəqəm dəfələrlə böyük idi".
Azərbaycan nələri itirəcək?
Ekspert deyir ki, itkiləri bilmək üçün əvvəlcə onun Amerikadan hər il nə qədər yardım aldığını bilmək lazımdır:
"Ümumiyyətlə, 2002-ci ildən Amerikanın bu yardım sənədi üzrə 411,6 milyon dollar vəsaitin təhlükəsizlik sahəsinə aid 20-dən artıq layihələr vasitəsilə bu ölkələr arasında bölüşdürülməsi nəzərdə tutulmuşdu. 2002-ci ildən başlayaraq, hər bir büdcə ilində Azərbaycan cəmi 13 milyon dollar təşkil edən yardım almışdı.
2017-ci ildən sonra regionda gərginlik artan kimi Amerika yenidən Azərbaycanla hərbi sahədə əməkdaşlığı gücləndirdi. Buna görə də, 2018-ci ildə cənub sərhədlərinin təhlükəsizliyi rabitə, enerji, tikinti, dəniz avadanlıqları və nəqliyyat vasitələri üçün Azərbaycana 47,5 milyon dollar ayırdı. Bundan əlavə bildirildi ki, Xəzər dənizdə təhlükəsizlik məsələlərinə dair Azərbaycana əlavə 11,5 milyon dollar ayrılır.
2024-cü ilin dövlət büdcəsində Azərbaycanın Müdafiə və milli təhlükəsizlik məsələlərinə görə 6 milyard 421 milyon manat vəsait ayırıb. Bu, 3,77 milyard dollar deməkdir. Yəni Amerikanın bizə ayırdığı yardım bizim ayırdığımız pulun maksimum 1%-ni təşkil edib. Hətta elə illər olub ki, 0,03%-i qədər az olub. Odur ki, bunu qaçırılacaq maddi imkan kimi qiymətləndirməyə dəyməz".
E. Əmirovun sözlərinə görə, Amerikanın Ermənistanla sülhü bəhanə edərək yardımı dayandırmasının arxasında yenə də başqa məqamlar gizlənir: "Çünki regionda vəziyyət dəyişdikcə Amerikanın Azərbaycana yardım siyasəti də dəyişir. Lakin Cənubi Qafqazda söz sahibi olmaq istəyən bir ölkə Cənubi Qafqazda bir nömrəyə çevrilmiş Azərbaycanla münasibətlərini yaxşılaşdırmalıdır. Amerika isə həm burada mövqeyini gücləndirmək istəyir, həm də Rusiyanın Cənubi Qafqazda sıxışdırılmasını. Bu istəklər isə Azərbaycana qarşı sərt münasibət qarşılığında reallaşa bilməz. Ona görə də, qarşıdakı müddətdə yenidən ABŞ-nin mövqeyinin dəyişəcəyinə qəti şübhə etmirəm".
Azərbaycana idxal olunan avtomobillərin istehsal ilinə görə qoyulan məhdudiyyət səbəbindən gətirilən modellərin də siyahısı dəyişib. Belə ki, 2013-cü ildən əvvəl istehsal olunan nəqliyyat vasitələrinin idxalına qoyulan qadağa qiymət və model dəyişikliyinə gətirib çıxarıb. Yeni gətirilən bu maşınlar həmçinin bəzi avtomobil modellərinin də bazarını bağlayıb.
Hazırda ölkənin bazarda olan qiymətlər və ən çox tələbat olan nəqliyyat vasitələri barədə avtomobil bazarı araşdırmaçısı Sərxan Qədirov Lent.az-a danışıb. O, əsasən Cənubi Koreyadan gətirilən avtomobillərin alıcıları özünə cəlb etdiyini deyib:
“Bazarda 10 min manatadək əsasən sovet maşınları yaxşı satılır. 10 və 20 min manat arası "çeşka" və "dördgöz"lər, həmçinin Koreya maşınları üstünlük təşkil edir. 20-40 min manat arası isə hazırda “KİA Sorento” və “Hyundai Santa Fe”nin dizel mühərrikli olanlarına tələbat yüksəkdir. Ən çox tələbat bu maşınlaradır. Son adı çəkilən modellər “Toyota Prado”, “RAV 4” kimi avtomobillərin bazarını bağlayıblar. Hazırda maşın bazarında hündür avtomobil deyəndə ilk ağla “Hyundai Santa Fe” və “KİA Sorento” gəlir. Bu avtomobillər hündür, rahat, geniş və ekonom olduğu üçün onlara tələbat çoxdur.
ABŞ-dan gələn “Chevrolet Cruze”ların bazarı yoxdur. Amma “Toyota Prius”ların taksi fəaliyyətinə görə satışı olduğu kimi davam edir. Həmçinin “KİA Cerato”, “Hyundai Elantra”ların da satışı normaldır. Sovet maşınlarının da qiyməti qalxıb. Ümumiyyətlə bazarda hazırda bahalaşma müşahidə olunur”.
Ötən il Fransa 603,4 milyard dollarlıq məhsul satıb. Bunun cəmi 222 milyon dollarını Azərbaycan alıb. Bu isə 0,03% deməkdir.
Bunu iqtisadçı ekspert Eldəniz Əmirov Azərbaycanda Fransa məhsullarının boykot edilməsi ilə bağlı çağırışları şərh edərkən deyib. O, boykotun Fransaya təsirlərini belə ifadə edib:
"Fransanın mal satıb qazandığı hər 100 dolların cəmi 3 sentini (100 manatdan 3 qəpiyi) ötən il biz vermişik. Tutaq ki, baykot qərarı verildi. Yenə də biz öz baykotumuzla bu 3 qəpiyin maksimum 1 qəpiyinini azalda biləcəyik. Yəni, maksimum cibinbə 100 manat olan adama 1 qəpik zərər dəyər. Bu da heç zərər deyil, mən almayacam başqasına satacaq".
"Maraqlısı isə odur ki, siyasi anlamda münasibətlər gərgin görünsə də, iqtisadi baxımdan vəziyyət başqa şey deyir. Bu ilin 6 ayı ərzində Fransa ilə ticarət dövriyyəmiz 3,6 dəfə, yəni 260% artıb", - deyə ekspert əlavə edib.
Yol-xeber.az" xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC sərnişin məmnuniyyətinin təmin edilməsi və xidmət səviyyəsinin təkmilləşdirilməsi istiqamətində mütəmadi çalışır. Qərb bölgəsinə artan sərnişin tələbatı nəzərə alınaraq Bakı–Ağstafa–Bakı marşrutu üzrə cari ilin axırınadək həftə sonlarına əlavə reyslər təyin edilib.
Belə ki, 17 noyabr tarixindən etibarən hər həftənin cümə və şənbə günləri Bakıdan saat 23:55-də yola düşən qatar növbəti gün saat 06:20-də Ağstafa stansiyasına çatacaq.
Ağstafadan geriyə hər həftənin şənbə və bazar günlərində saat 08:30-da yola düşən qatar həmin gün saat 14:55-də Bakı Dəmiryol Vağzalına çatacaq.
Səfərlər oturacaq tipli vaqonlardan ibarət sürət qatarı ilə həyata keçiriləcək. Qatar eyni zamanda Ucar stansiyasında da dayanacaq edəcək.
Səyahətin komfortlu keçməsi məqsədilə qatarda biznes sinif üçün keytrinq xidməti və əlavə olaraq bütün vaqonlarda səyyar satış həyata keçiriləcək.
Biletləri dəmiryol vağzallarının kassalarından, ADY-nin rəsmi saytından (www.ady.az) və ya “ADY Mobile” tətbiqi vasitəsilə onlayn əldə etmək mümkündür.
Davam edən Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdə münaqişənin yenidən alovlanması və bölgənin neftlə zəngin ölkələrinə münaqişənin yayılması təhlükəsi, Ərəb Dövlətləri Liqası və İslam Əməkdaşlıq Təşkilatının ritorik olsa da İsrailə qarşı sərt reaksiyası, əslində, nefti 100 dolların üzərinə çəkməli idi. Lakin bu gün neft Yaxın Şərq hadisələrindən əvvəl olan qiymətdən ucuzdur. Sual olunur, nə baş verir?
Bunu iqtisadçı ekspert Natiq Cəfərli deyib. O bildirib ki, bunun bir neçə fundamental səbəbi var:
"FED və digər ölkə Mərkəzi Bankları uçot dərəcəsini artırmaqla iqtisadi aktivliyi azaltmaq yolunu tutub bu yolla inflyasiyanı azaltmaq istəyirlər. Digər səbəb Çinin gözləntilərdən daha aşağı sürətlə böyüməsi, AB ölkələrində ressesiya təhlükəsidir. Həmçinin Rusiyaya qarşı tətbiq edilən sanksiyaların fiaskoya uğraması da bura daxildir (Kreml hələ də öz neftini müxtəlif üsullarla bazara çıxara bilir)".
Ekspertin sözlərinə görə, əsas səbəblər və məqsədlər siyasidir:
"ABŞ-da seçkilər yaxınlaşır, orta statistik amerikalı üçün beynəlxalq vəziyyət, xarici siyasət sonuncu yerdədir. Səsvermədən öncə ən çox baxdığı məsələ benzin qiymətləridir – yanacaq ucuzdursa, iqtidarda olan partiyanın şansı artır, bahadırsa azalır. Bu korelyasiya onillərdir ki, var və bu gün Demokratlar və Bayden administrasiyası müxtəlif üsullarla neftin bahalaşmasının qarşısını almağa çalışırlar ki, seçkilərdə şansları olsun. Amma çox ucuzlaşmasını da istəmirlər, çünki “yaşıl enerji” məsələsinə ən böyük maneə ucuz neft-qazdır. Neft 40 dollar olduqda heç kim bərpaolunan enerjiyə yatırım etmək istəmir. Ucuz neft həm də Rusiyaya zərbədir, daha az qazanmasına səbəb olur, lakin Çinə xeyirdir. Deməli Rusiyaya ziyan vurmaq istəsələr, bu yolla Çinə dəstək vermiş olurlar".
N. Cəfərlinin fikrincə, dünyada liderlik böhranı yaşanır və dünyanın bölünməsi davam edəcək: "İsrailin son etdikləri, ağına-bozuna baxmadan sivil insanları bombalaması, uşaqların, qocaların, qadınların qətli vicdanları zədələyib. İslam Əməkdaşlıq Təşkilatına və Ərəb Liqasına daxil olan ölkələr artıq kənarda qala bilmirlər, çünki altdan, xalqdan ciddi təzyiq var. Əgər bu cəbhələşmə kəskinləşsə, nefti kəskin ucuzlaşdırmaq yolu ilə neftlə zəngin müsəlman ölkələrində ciddi növbəti “ərəb baharları” törədə bilərlər. Zatən xalq qəzəblidir, bunun üzərinə iqtisadi böhran da gəlsə, müsəlman ölkələri daxili çəkişmələrlə boğuşacaqlar.Bu zaman indi formalaşan anti-Qərb koalisiyası zəifləyəcək, çünki, istəlilən daxili xosdan çıxmaq üçün həmin ölkələrin elitaları Qərblə yaxınlaşma yolu tutacaqlar. Hansı elitar qruplaşma tez tərpənsə, o da hakimiyyətə yiyələnəcək. Pisdir-yaxşıdır, bu ikinci məsələdir, amma təəssüf ki, müsəlman ölkələrində hakimiyyətləri legitimləşdirən siyasi “notarius” rolu hələ də Qərbdədir".
"Sözün qısası yaxın aylarda neftin kəskin ucuzlaşması baş verə bilər. İqtisadiyyatları neft-qazdan çox asılı olan ölkələr bunu nəzərə almalıdır. hələ Tramp, Respublikaçılar qalib gəlsələr, bu məsələ daha da sürətlənəcək. Onlar neft-qaz hasilatını təşviq edən siyasətə geri dönəcəklər. Hətta Rusiya-Ukrayna müharibəsinin dayandırılması yollarından biri də neftin 30-40 dollara düşməsi ola bilər", - deyə ekspert əlavə edib.
Yaxın Şərqdəki vəziyyət növbəti ildə dünya iqtisadiyyatına fərqli situasiya yarada biləcəyindən belə bir vəziyyətlə üzləşəcəyimiz istisna deyil.
Bunu Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentdə 2024-cü il büdcə zərfinin müzakirəsi zamanı deyib.
Ölkədəki infilyasiya prosesinə toxunan komitə sədri deyib ki, ilin sonunadək infilyasiya 6,9 faizədək enməsi proqnozlaşdırılır.
“2024-cü ildə isə infilyasiya 5,9 faiz proqnozlaşdırılır”, - komitə sədri qeyd edib.
Bununla belə komitə sədri əlavə edib ki, qlobal iqtisadi durum infilyasiya risklərinin olacağını istisna etmir.
Mərkəzi Bankın bu ilin 10 ayında keçirdiyi valyuta hərraclarının 99-da təklif tələbi üstələyib.
Bunu Milli Məclisdə 2024-cü il dövlət büdcə zərfinin müzakirəsi zamanı Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.
O bildirib ki, AMB-nin ehtiyatları 1 milyard 248 milyon ABŞ dolları artıb: “Valyuta bazarında məzənnə sabitliyinin təmin edilməsi məqsədilə AMB bazara alışyönümlü müdaxilələr həyata keçirib. Bunun sayəsində AMB-nin ehtiyatları 1 milyard 248 milyon ABŞ dolları artıb”.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən AZS 636:2023 "Yol nəqliyyat vasitələri. Ekoloji siniflər" dövlət standartı qəbul edilib.
İnstitutdan verilən məlumata görə, bu standart ölkə ərazisində dövriyyəyə buraxılan (idxal və Azərbaycan Respublikasında istehsal edilən) avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrə dair tələbləri formalaşdırmaq, onların ətraf-mühitə, insan həyatına və sağlamlığına vurduğu ziyanı azaltmaq, həmçinin ekoloji təmiz nəqliyyat vasitələrindən və digər yaşıl texnologiyalardan istifadəni genişləndirmək, təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsini stimullaşdırmaq və zəruri infrastrukturu yaratmaq məqsədilə AZS 636-2012 “Yol nəqliyyatı. Ekoloji siniflər” dövlət standartının əvəzinə işlənib hazırlanıb.
Standart layihəsi “Yol nəqliyyatı” standartlaşdırılması üzrə Texniki Komitədə (AZSTAND/TK 19) rəy və təkliflər nəzərə alınmaqla müzakirə edilib və konsensus əsasında qəbul edilib.
Qeyd: AZS 636:2023 "Yol nəqliyyat vasitələri. Ekoloji siniflər" dövlət standartı Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 dekabr tarixli 852 nömrəli Sərancamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın və Dövlət Proqramına dair Fəaliyyət Planının icrası məqsədilə yenidən işlənilib.
“Azərbaycan Dəmir Yolları” QSC-nin bütün strukturları bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. ADY sərnişin məmnuniyyətinin təmin edilməsi və onların təhlükəsiz mənzil başına çatdırılması istiqamətində səylə çalışır və xidmət səviyyəsini vaxtaşırı təkmilləşdirir.
Artan sərnişin tələbatı nəzərə alınaraq 8-12 noyabr tarixlərində Bakı–Ağstafa–Bakı istiqamətində axşam və səhər reysləri əlavə edilib. Səfərlər oturacaq tipli vaqonlardan ibarət sürət qatarı ilə təşkil olunacaq. Əlavə reyslər üzrə hərəkət edən qatar eyni zamanda Ucar stansiyasında da dayanacaq.
Həmçinin 8 noyabrda Bakıdan və Ağstafadan hər iki istiqamətdə sürətli sərnişin qatarı təyin edilib. Qatar Bakıdan saat 07:50-də, Ağstafadan isə saat 16:30-da yola düşəcək.
Bayram günlərində Bakı–Qəbələ–Bakı istiqaməti üzrə qatarlar hər gün hərəkət edəcək. Qatar Bakıdan Qəbələyə saat 07:30-da, Qəbələdən Bakıya isə saat 19:00-da yola düşəcək.
Abşeron dairəvi dəmir yolu xəttində isə qatarlar qeyri-iş günlərinin qrafikinə uyğun fəaliyyət göstərəcək.
Qatarların hərəkət cədvəli ilə tanış olmaq və bilet əldə etmək üçün www.ady.az saytına keçid edə bilərsiniz.