Tıxac problemi həddindən artıq ciddi məsələdir.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən ictimai dinləmədə deputat Əli Məsimli deyib.

Deputat bildirib ki, diqqətçəkən çəkən məsələ Bakı-Sumqayıt yolundakı tıxacdır.

Millət vəkili Naqif Həmzəyev də ictimai nəqliyyat sahəsindəki problemləri qeyd edib.

Miləət vəkili Fəzail Ağamalı isə tıxac olan istiqamətlərə metro salınmasını təklif edib. O, parklanma sahəsindəki problemlərə diqqət çəkib.

Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Anar Rzayev isə qarşıdakı hədəfləri açıqlayıb. Bildirib ki, 2030-cu ilə qədər Bakıda səfərlərin 30-40%-nin şəxsi minik avtomobilləri, qalanının isə ictimai nəqliyyatla reallaşdırılması hədəflənir.

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

"Avronun məzənnəsi 0,3% artaraq 1,8598 manat, Rusiya rublunun məzənnəsi dəyişməyərək 0,0187 manat, Türkiyə lirəsi 0,6% ucuzlaşaraq 0,0531 manat təşkil edib.

ABŞ dollarının məzənnəsi isə dəyişməyərək 1,7000 manat olub.

Son zamanlar ətin qiymətində yenidən artım müşahidə olunur. Ətin bahalaşması qəssablar arasında narazılığa səbəb olub.

Onlar diri heyvanın alış qiymətinin günü-gündən artmasından şikayətçidirlər.

 "Adam var, bir ayda 300 manat maaş alır. Gəlir, yeddi kilo ətə 150 manat pul verir. O pulla necə dolansın? Mən 30 ilə yaxındır qəssab işləyirəm, gələn alıcıya ətin qiymətini deməyə utanıram”, - qəssab bildirib.

Onlar ətin bahalaşmasının səbəblərindən birinin də bütün rayonlarda diri heyvanların satışı bazarının hər gün təşkil olunması ilə əlaqələndirirlər. Halbuki əvvəlki illərdə heyvan bazarları həftədə yalnız bir gün təşkil olunurdu. Qəssablar bu ənənənin bərpa olunmasını istəyirlər.

İqtisadçılar isə bildiriblər ki, qiymət artımı bazarların hər gün təşkil olunması ilə bağlı deyil.

Əksinə, bu amil rəqabəti çoxaldır və qiymətin düşməsinə səbəb ola bilər. Qeyd olunub ki, heyvan bazarlarının hər gün təşkil olunması həm tez-tez baş verən xeyir və şər məclisləri, həm də restoranların sayının artması ilə bağlıdır. Odur ki, heyvan bazarının həftədə bir dəfə təşkil olunması bu tələbatı ödəmək üçün yetərli olmaya bilər.

Ətraflı Baku TV-nin süjetində:

Son iki həftə ərzində həm kriptovalyuta bazarında, həm də “Bitcoin”in (BTC) qiymətində bir neçə dəfə ciddi dalğalanmalar müşahidə olundu. Martın 7-dən etibarən isə bu kriptovalyutanın dəyəri 65-66 min dollar arasında dəyişir.

Beynəlxalq ekspertlər ötən həftəki qiymət dəyişiklərini Spot Bitcoin ETF-lərə maraq və axının artması ilə bağlamağa çalışırlar. Onların dediyinə görə, bu maraq nəticəsində “Bitcoin”in bazar dəyəri 1,3 trilyon dolları ötüb.

Bəs BTC-nin kəskin bahalaşması və ardınca ucuzlaşması nə ilə bağlıdır?

Bizim.Media-nın mövzu ilə bağlı suallarını cavablandıran kriptovalyuta bazarı üzrə mütəxəssis Elnur Quliyev, bahalaşmanı bazardakı güclü ajiotajla əlaqələndirib. Onun sözlərinə görə, qorxuya düşən bəzi sahibkarlar həftə boyu kütləvi surətdə BTC almağa çalışırdı:

“Buna görə də əsas hədəf, qiymətin 69 min dollara qədər qalxması idi ki, bu tarixin ən yüksək hədəfi sayılır. Hətta bir çoxları bunun daha yüksək qiymətə çatmasını gözləyirdi. Treyderlərin 90 faizi də bu dəyərin yaxın vaxtlarda korreksiya olunacağını və 69 500 - 69 700 dollara qədər bahalaşacağını bildirirdi. Gözlənilən kimi də oldu və BTC-nin dəyəri 69 200 dollara çatmadan geriyə düşdü. Bu da onu göstərir ki, treyderlər gəlirlərini fiks etdirdilər. Bu da onu göstərdi ki, bu dəyərə qədər əldə edilən qazanc bütün kripto hesablarına 100 faizlik təsir etdi”.

Müsahibimiz belə hesab edir ki, hazırda böyük spekulyativ komponentdən başqa “Bitcoin”in dəyərinin bu qədər sürətli artması üçün hər hansı ciddi əhəmiyyət kəsb edən fundamental səbəb yoxdur:

“Düzdür, “Spot Bitcoin ETF” fondları vasitəsilə kriptovalyuta bazarına güclü kapital axını davam edə bilər, amma indiki vəziyyətdə qlobal makroiqtisadi mənzərədə investisiya tələblərinin formalaşmasında həlledici rolu ABŞ Federal Ehtiyatlar Sistemi (FES) oynayır. FES ümumi investisiya mühitinə uçot faiz dərəcəsi qərarı və Bank Müddətli Maliyyələşdirmə Proqramı (Bank Term Funding Program) ilə təsir edir.

Böyük ehtimal ki, yaxın aylarda uçot faiz dərəcəsi endiriləcək. Uçot dərəcəsinin aşağı salınması maliyyə bazarında dolların likvidliyini artırır, kreditlər ucuzlaşır və nəticədə investisiya mühitinə müsbət təsir edir”.

“Gənc investorlar riskə gedirlər”

Sözügedən durumun iqtisadi artımı sürətləndirdiyini söyləyən ekspert düşünür ki, bu da biznesə və vətəndaşlara aşağı faiz dərəcələri vasitəsilə daha ucuz pul əldə etməyə imkan verəcək:

“Ucuz pul investorları risk tələblərini azaltmağa və yeni texnologiyalara, startaplara və kriptovalyutalar da daxil olmaqla digər riskli aktivlərə investisiya etməyə təşviq edir. Bu faktor potensial investorları çətin seçim qarşısında qoyur. Xüsusən də, yaşı 35-dək olan investorların əksəriyyəti son illərdə daha çox və daha tez qazanmaq üçün nisbətən riskli aktivlərə investisiya etməyi üstün tuturlar”.

Qeyd edək ki, son vaxtlar “Spot Bitcoin ETF”lərdə də ciddi oyunlar baş verdi və “Bitcoin”ə həm maraq artdı, həm də ciddi investisiya axını baş verdi.

E.Quliyev də “Spot Bitcoin ETF”lərin də bu məsələdə böyük təsirlərə malik olduğunu təsdiq etdi:

“Hamı elə düşünürdü ki, bu ETF-lərin təsiri az olacaq. Ancaq sonrakı proseslər göstərdi ki, son bir ay ərzində bu fondlar yüksək gəlirli oldular və ciddi kapital axını başlandı. Digər tərəfdən isə bəzi topdan kriptovalyuta satan şirkətlər BTC-nin bitdiyini elan etdilər və bu da ajiotajı yaradan səbəblərdən biri oldu. Buna görə sərmayədarların çoxu birjalara axın etdilər və böyük sərmayələr yatırdılar. Bu da o deməkdir ki, BTC-yə tələbat daha artacaq”.

Bəzi ekspertlər isə belə hesab edirlər ki, son 69 min dollarlıq göstərici çox şişirdilmiş rəqəmdir və birjalardakı əsl dəyəri 46-47 min dollar arasındadır. Bu fikir nə qədər doğurdur?

“Əgər BTC-nin sırf maya dəyəri nəzərdə tutulursa, bu, mayninq göstəricidir və ölkədən ölkəyə dəyişir. Yəni, elə ölkə var ki, qiymət 12 min, elələri də var ki, 25 min və ya 45 min dollardır. Qiymətlərə təsir edən əsas amil tələb və təklifdir. Əgər tələb varsa, qiymət də bahalaşacaq, hətta 100 min dollardan da baha olacaq. Bu da normal bir haldır”.

ABŞ Federal Ehtiyat Sisteminin (FED) rəhbəri Cerom Pauel bildirib ki, Amerika iqtisadiyyatı ilə bağlı proqnozlar özünü doğrultduğu təqdirdə, 2024-cü ildən baza faiz dərəcəsini "ehtiyatla” azaltmaq niyyətindədir.

ABŞ Senatının Bank Komitəsində keçirilən dinləmədə o qeyd edib ki, artıq daha da güclü iqtisadi artım, sabit əmək bazarı və inflyasiyanın azaldılmasında davamlı irəliləyiş müşahidə edilir.

Əgər iqtisadiyyat bu yolda inkişafa davam edərsə, biz inanırıq ki, daralma siyasətinin yumşaldılması prosesi bu il ərzində ehtiyatla başlaya bilər", - Pauell cavab verib.

Xatırladaq ki, cari ilin yanvarın 31-də Pauell FED-in mart ayında keçiriləcək növbəti iclasında faiz dərəcələrini azaltmağa qərar vermə ehtimalının az olduğunu deyib. Eyni zamanda o, ABŞ-ın bu ilin sonunda baza faiz dərəcəsini endirməyə başlaya biləcəyini də vurğulamışdı.

Qeyd edək ki, FED yanvarın sonunda baza dərəcəsini 5,25-5,5 faiz səviyyəsində saxlayıb. Görəsən, FED uçot dərəcəsini azaldarsa, bu manata necə təsir edəcək?

Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli bildirir ki, FED-in uçot dərəcəsini aşağı salması və yaxud qaldırmasının manatın məzənnəsinə birbaşa şəkildə heç bir təsiri yoxdur:

"FED-in faizləri azaltması dünyada dolları ucuzlaşdıracaq. Bu Amerikanın strategiyasına uyğundur. Çünki ucuz dollar ABŞ-a daha çox ixrac etməyə imkan verir. Uçot dərəcəsi indi tarixi maksimum səviyyədədir. Bu da Amerika iqtisadiyyatında kreditləşməni bahalaşdırdığından müəyyən durğunluq yaradır.

Uçot dərəcəsinin aşağı salınmasının birbaşa manata heç bir təsiri yoxdur. Çünki Azərbaycanda manat inzibati qaydada tənzimlənir. Uçot dərəcəsi artanda da onun manata təsiri olmadı. FED-in uçot dərəcəsi 0-0,25 faiz dərəcəsində olan vaxtı manat indiki məzənnə ilə 1,70 manat idi.

İndi uçot dərəcəsi 5,5 faiz dərəcəsindədir, amma manatın məzənnəsi yenə də 1,70 səviyyəsindədir. Yəni FED-in qərarlarının manata birbaşa təsiri olmur. Manatın gələcəyi və məzənnəsinə təsir edən yeganə meyar neft qiymətləri və Mərkəzi Bankın inzibati tənzimləmə mexanizmidir.

Manatın gələcəyilə bağlı hər hansı bir qərar veriləcəksə, bu yalnız neftin qiyməti və Mərkəzi Bankın strategiyasına uyğun olaraq veriləcək”.

Fevral ayındakı kəskin dollar tələbindən sonra xarici valyuta sifarişi yenidən stabilləşməkdədir. Bu gün keçirilən hərracda cəmi 68,9 milyon dollar sifariş olub. Qeyd edək ki, fevral ayında hərraclarda 870,6 milyon dollarlıq sifariş qeydə alınmışdı ki, bu da əvvəlki ilin eyni ayı ilə müqayisədə 2,6 dəfə çox idi. Mart ayında dollar tələbinin stabilləşməsi müsbət haldır.

Bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, mart ayında xarici səfərlərin sayının çoxluğunu nəzərə alaraq Mərkəzi Bankın kommunikasiya alətindən mütəmadi istifadə etməsi vacibdir:

"Mərkəzi Bankın 2024-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə Bəyanatının təhlili göstərir ki, bu ildə də manatın məzənnəsi tədiyyə balansının vəziyyətindən, daha dəqiqi neftin qiymətindən asılı olacaq. Fiskal sektorun valyuta təklifi və tələbi, eləcə də, iqtisadi subyektlərin məzənnə gözləntiləri valyuta bazarındakı tarazlığa təsir göstərən əsas amillər kimi qruplaşdırılsa da, aydındır ki, bu indikatorlar da birbaşa enerji bazarındakı volatillikdən asılı olacaq".

Millət vəkilinin sözlərinə görə, bu il də neft gəlirlərimiz manatın məzənnəsinə təsir edən əsas faktor olacaq: "Mərkəzi Bankın məzənnə siyasəti üzrə əməliyyat hədəflərinə nail olmaq üçün valyuta bazarına zəruri hallarda müdaxilə edəcəyini bildirməsi isə ondan xəbər verir ki, enerji bazarında ciddi volatillik baş verəcəyi halda valyuta ehtiyatlarımızdan istifadə edə bilər".

"Bütün bunlar konteksində isə, dollara tələbin stabilləşməsi Mərkəzi Bankın valyuta bazarına təsir imkanlarını genişləndirir. Bu, növbəti mərhələdə intervensiyanın sterilizasiya ilə əvəzlənməsinə gətirib çıxara bilər", - deyə V. Bayramov əlavə edib.

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

Avronun məzənnəsi 0,01% artaraq 1,8448 manat, Rusiya rublunun məzənnəsi 0,5% artaraq 0,0187 manat, Türkiyə lirəsi 0,4% ucuzlaşaraq 0,0536 manat təşkil edib.

ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.

“2024-cü il ərzində fərdi yaşayış evlərinin bahalaşacağı ilə bağlı hazırda bizdə heç bir məlumat yoxdur”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında daşınmaz əmlak üzrə mütəxəssis Nüsrət İbrahimov deyib. Onun sözlərinə görə, insanların alıcılıq qabiliyyəti xeyli aşağı düşüb:

“Bu baxımdan da fərdi evlərin qiymətində artım olmayacaq”.

Müsahibimiz qeyd edib ki, bu gün Bakıətrafı ərazilərdə maklerlər tərəfindən tikildikdən sonra satışa çıxarılan fərdi evlərin qiyməti təmirə görə təyin olunur:

“Buna görə də bahalaşma ehtimalı yoxdur. Bundan başqa, 2022-2023-cü illərdə kifayət qədər bahalaşma olmuşdu. Bu il də qiymətləri artırsalar, evlərin satışı tamamilə dayanacaq”.

Hər ilin sonunda növbəti ilin proqnozlaşdırmasının aparıldığını deyən ekspert, bütün hesabatların ümumi daşınmaz əmlak və mənzil bazarı ilə bağlı olduğunu diqqətə çatdırıb:

“Cari ildə daşınmaz əmlak bazarındakı artımın 40 faiz ətrafında olacağı gözlənilir. Bu da özünü təkrar mənzil bazarında göstərəcək. İlkin mənzil bazarında ötən il kəskin bahalaşma olduğu üçün cari ildə heç bir artım gözlənilmir”.

Novruz bayramında Bakı-Qəbələ-Bakı istiqamətində qatarlar hər gün hərəkət edəcək

Yol-xeber.az" xəbər verir ki,  “Azərbaycan Dəmir Yolları” QSC (ADY) Novruz bayramı ilə əlaqədar artan sərnişin tələbatının qarşılanması məqsədilə Bakı-Qəbələ-Bakı marşrutu üzrə xəttə 10 əlavə qatar reysi təyin edib.

Belə ki, 20, 21, 22, 23, 24, 25 və 26 mart tarixlərində Bakı-Qəbələ-Bakı marşrutu üzrə sürətli sərnişin qatarı hər gün saat 07:30-da Bakı Dəmiryol Vağzalından Qəbələyə, saat 19:00-da isə Qəbələ Dəmiryol Vağzalından Bakıya yola düşəcək.

Qeyd edək ki, hazırda Bakı-Qəbələ-Bakı sürətli sərnişin qatarı həftənin şənbə və bazar günləri hər iki istiqamət üzrə hərəkət edir.

Biletləri dəmiryol vağzallarının kassalarından, ADY-nin rəsmi saytından (www.ady.az) və ya “ADY Mobile” tətbiqi vasitəsilə onlayn əldə etmək mümkündür.

Məcburi köçkünlər üçün tikilən evlərin satışı davam edir. Satış prosesinin ötən iyulun 1-dək sonlandırlması gözlənilsə də hələ də satılmayan, öz alıcısını gözləyən mənzillər var. Bu mənzillərin qiyməti mərtəbəsinə, otaq sayına, ölçülərinə görə fərqlənir.

Məsələn, Bakının Ümid qəsəbəsində satışa çıxarılan 83,5 kvadrat metr sahəsi olan üçotaqlı mənzilin qiyməti 58 min 450 manatla 61 min 790 manat arasında dəyişir. Abşeron rayonundakı yeni yaşayış kompleksində də eyni göstəricilərlə oxşar qiymətə mənzillər təklif olunur. Ramana qəsəbəsində isə satışa çıxarılan, hələ bron edilməmiş, 67 min 320 manata təklif olunan üçotaqlı mənzillər mövcuddur. Lakin digər tərəfdən bir il ərzində mənzillərin yalnız 18-19 faizi satılıb. Bəs görəsən məcburi köçkünlər üçün nəzərdə tutulmuş bu cür mənzillərə niyə tələbat yoxdur?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, başlıca səbəblər həmin şəhərciklərin əlverişsiz yerlərdə olmasıdır:

“Bəli, hazırda belə bir faktor var. Əvvəla, sosial tikinti layihələrinin həyata keçirilməsi üçün normal ərazi demək olar ki, yoxdur. Torpaqların hamısının özəl olması və üzərində müəyyən məhdudiyyətlərin olması dövlət layihələri üçün torpaq axtarışında çətinlik çəkir. Bu baxımdan sosial evlər yalnız ucqar yerlərdə tikilir. Məcburi köçkünlər üçün tikilən şəhərciklər də məhz bu qəbildəndir. Bu cür şəhərciklər adətən şəhərin mərkəzinə nisbətən ucqar, marşurt və iaşə məntəqələrindən uzaqda yerləşir. Buna görə də çox ucuz olsa belə, alıcılar bu cür evlərə maraq göstərmir”.

Ekspert dövlət tərəfindən tikilmiş sosial binaların keyfiyyətinin aşağı olduğunu diqqətə çatdırıb:

“Digər tərəfdən tenderlərdə dövlət tərəfindən hazırlanan sosial tikinti layihələrini adətən ən ucuz həyata keçirəcək şirkətlər qalib gəlir. Təbii ki, belə olduqda həmin şirkət tikinti və təmir işlərində ən ucuz materiallardan istifadə edir. Özəl sektor bazar tələbatını bildiyi və prestijini itirməmək üçün keyfiyyətli materiallardan istifadə etdiyi halda, dövlət layihələrində maksimal dərəcədə ən ucuz məhsullardan istifadə olunur. Daha sonra dövlət layihəsi kimi nəzərdə tutulmuş mənzilləri açıq bazarda satışa çıxardıqda təbii olaraq tələbata uyğun olmur. Əmlak qiymətləndirmə şirkətləri isə bazar qiymətini əsas götürür və keyfiyyətə önəm vermir. Bu isə birmənalı olaraq düzgün deyil və bu cür şirkətlərin qüsurudur”.

Xəbər lenti