Tovuzda düşmən təxribatı
12 iyul təxribatı zamanı adekvat cavab tədbirlərindən dərs çıxarmayan düşmən silahlı qüvvələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində növbəti dəfə təxribata əl atıb.

Baku TV xəbər verir ki, Ağdam kəndində dinc sakinlər və yaşayış məntəqələri atəşə tutulub.

İriçaplı silahlardan atılan mərmilər evlərə ciddi ziyan vurub. 

Kənd sakini Minayə Qasımovanın evi davamlı atəşə tutulduğundan daha çox ziyan çəkib. 

Erməni silahlı birləşmələri avqustun 17-də, səhər saatlarında da təsərrüfat işləri ilə məşğul olan kənd sakinlərini atəşə tutub.

Ordumuz düşmənə adekvat cavab verib və cəza tədbirləri görülüb. Düşmənin atəş nöqtələri susdurulub. 

Ümumilikdə cəbhəboyu ərazilərdə əməliyyat şəraiti ordumuzun nəzarəti altındadır.

Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə məlumat yaydı

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə, sutka ərzində atəşkəs rejimini 30 dəfə pozub.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Ermənistan Respublikası Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Yarımca, Ağdam rayonunun Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qorqan, Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Ötən iki gündə baş vermiş yol qəzalarında – 8 ölü, 3 yaralı

Ötən iki gündə daxili işlər orqanları tərəfindən qeydə alınmış cinayət və hadisələrin statistik məlumatları açıqlanıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Yol-xeber.az-a verilən məlumata görə, avqustun 15-16-da gün ərzində törədilmiş 64 cinayətin üstü “isti izlər”lə açılıb. 

Əvvəlki dövrlərdən bağlı qalmış 10 cinayətin açılması təmin olunub.   

Axtarışda olduğuna görə ümumilikdə 16 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 7 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 8 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 39, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 76  nəfər saxlanılıb.

Azərbaycanda dəhşətli qəzada həyatını itirən gənclər
Ötən gün Samux rayonu ərazisində iki nəfərin ölümü ilə nəticələnən dəhşətli yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Baku.ws xəbər verir ki, Samux rayonunun Çobanabdallı kəndində “Mercedes” markalı minik avtomobili və “NEW Holland TC-5050” markalı kombayn toqquşub.

Hadisə zamanı minik avtomobilində sıxılmış vəziyyətdə qalan 1998-ci il təvəllüdlü Çağırqanov Elnur Vahid oğlu və 1996-cı il təvəllüdlü Süleymanzadə Ləman Nazim qızı həyatlarını itiriblər. 

Qəzadan sonra məlum olub ki, həlak olan Çağırqanov Elnur hüquq-mühafizə orqanlarında, Süleymanzadə Ləman isə "Asan Xidmət"də çalışıb. 

Allah rəhmət eləsin!

 

 

Dəhşətli yol qəzası;  “Huyndai”la vurulan qız havada metrlərlə uçdu – ANBAAN VİDEO (+21)
Hadisə yerindən qaçan sürücü daha bir piyadanı vurub xəstəxanalıq etdi

Moskvaətrafı Peskov şəhərində velosipedli qızın avtomobillə vurulma görüntüləri təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb. Avtosfer.az xəbər verir ki, hadisə avqustun 15-də “Rijsk” prospektində baş verib.

Məlumata görə, 1996-cı il təvəllüdlü qız velosipedlə svetoforun yaşıl işığında yolu qarşıya keçmək istəyərkən, yüksək sürətlə hərəkətdə olan “Huyndai” markalı minik avtomobili onu vurub. Zərbənin şiddətindən yeniyetmə havada bir neçə metr uçaraq asfalta çırpılıb.

Nəticədə 24 yaşlı qız aldığı çoxsaylı xəsarətlərdən yerindəcə dünyasını dəyişib.

Hadisə yerindən qaçan sürücü, 5 dəqiqə sonra avtomobili piyada çəpərinə çırparaq səkidə hərəkət edən kişinin üzərinə sürüb.

Xoşbəxtlikdən zərərçəkən ölməyib, o, kəllə-beyin travması ilə xəstəxanaya çatdırılıb.

Qəzanı törədənə 1993-cü il təvəllüdlü sürücü saxlanılıb. Yoxlama zamanı onun sərxoş olduğu müəyyən edilib.

Faktla bağlı cinayət işi açılıb. İndi onu 12 il azadlıqdan məhrumetmə cəzası gözləyir.

 

Məşhur ulduz çəkiliş zamanı qəzaya düşdü;  4 milyon manatlıq motosiklet yandı - FOTOlar 

Amerikalı məşhur Hollivud ulduzu Tom Kruz kino çəkilişində qəzaya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə “Həyata keçirilməz missiya” filminin 7-ci bölümündə, tryuk yerinə yetirərkən baş verib. Bu barədə avqustun 15-də “The Mirror” məlumat yayıb.

Bildirilir ki, Tom Kruz motosikletlə binanın bir damından digərinə uçmalı imiş, ancaq sürət yığma zamanı nəqliyyat vasitəsinin əyləci işə düşüb və o, tryuku yerinə yetirə bilməyib. 

Kruz qəza zamanı sığortalanıb və hadisə nəticəsində xəsarət almayıb.

Bildirilir ki, 2 milyon funt sterlinq (4,016,600 manat) olan motosiklet isə yanıb.

 

Narkotik aludəçisi içində anası və iki qızı olan evi yandırdı

Türkiyədə narkotik aludəçisi içində anası və iki qızı olan evi yandırıb.

Sondakika.com-un məlumatına görə, hadisə Adana şəhərində baş verib.

Şahidlər bildirib ki, hadisədən əvvəl ana və oğul arasında mübahisə olub. Daha sonra o, evi də yandıraraq hadisə yerindən qaçıb.

Yanğın zamanı binadakı digər evlər də ciddi zərər görüb.

Evi yandırılan qadın qeyd edib ki, o dəfələrlə oğlundan şikayət edib:

“Bizə əziyyət verir. Mən artıq bezmişəm”.

Xırdalanda motosiklet piyadanı xəstəxanalıq etdi

Abşeronda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb.

Yolu keçən 1992-ci il təvəllüdlü Məmmədov Nurlan Qədir oğlunu hərəkətdə olan motosiklet vurub. Zərbənin təsirindən ağır bədən xəsarətləri alan gənc təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı ona sol körpücük sümüyünün sınığı və bədənin müxtəlif dərəcəli əzikləri diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır

Cəlilabadda damarlarını doğrayan gənc Bakıya gətirildi

Cəlilabad rayonunda intihara cəhd hadisəsi qeydə alınıb.
Report xəbər verir ki, 1990-cı il təvəllüdlü Cəfərov Elmin Möhöbbət oğlu bıçaqla özunə çoxsaylı xəsarətlər yetirib.
Yaralı təcili yardımın köməyi ilə əvvəlcə rayon mərkəzi xəstəxanasına, daha sonra Bakıda yerləşən xəstəxanaların birinə gətirilib.

Müayinə zamanı onda sol saidin çoxsaylı bıçaq kəsiyləri diaqnozu qoyulub.

Ata oğlunu güllələdi

Göygöl rayonunda oğlunu odlu silahla qətlə yetirməkdə təqsirli bilinən Yaşar Bayramovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Xaqani Səmədovun icraatına verilib.

İş üzrə hazırlıq iclası avqust ayının 27-nə təyin olunub.

Qeyd edək ki, hadisə yanvar ayının 1-də rayonun Nadel kəndində baş verib.
Kənd sakini, 1950-ci il təvəllüdlü Yaşar Qəmbər oğlu Bayramov oğlu - 1978-ci il təvəllüdlü Mahir Bayramovu taxıl sahəsində ov tüfəngindən 2 dəfə atəş açaraq qətlə yetirib.

O, hadisə yerindən qaçsa da, əməliyyat axtarış tədbirləri nəticəsində polis əməkdaşları tərəfindən saxlanılaraq Bakıda istintaqa təhvil verilib.

Hadisəyə uzun müddət tərəflər arasında mübahisəyə səbəb olan evin M.Bayramov tərəfindən yandırılması səbəb olub.

Y.Bayramova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.

Xəbər lenti