Bakı-Şamaxı yolunda ağır yol qəzası; qadın öldü, uşaqlar yaralandı Bakı-Şamaxı yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub. Hadisə bu gün saat 14.00 radələrində Şamaxının Acıdərə adlanan ərazisində baş verib. “Hyundai” markalı minik avtomobili eyni istiqamətdə hərəkət edən yanacaq daşıyan yük avtomobilinə çırpılıb. 

Hadisə nəticəsində minik avtomobilində olan qadın dünyasını dəyişib, 2 uşaq isə yaralanıb. (APA)

Bakı-Şamaxı yolunda ağır yol qəzası; qadın öldü, uşaqlar yaralandı
Hacıqabulda “Hacı”, “Kərbəlayi” və “Şirinbala” ləqəbli narkotacirlər tutulub

Hacıqabulda narkotik vasitələrin qanunsuz dövriyyəsində məşğul olan şəxslər saxlanılıb. Hacıqabul rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunan, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Hacıqabul şəhər sakini, 1990-cı il təvəllüdlü Qasımov Alim Namiq oğlu saxlanılaraq üzərinə baxış keçirilən zaman ondan bir bükümdə narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Məlum olub ki, narkotik vasitəni ona əvvəllər Rusiya və Azərbaycanda məhkum olunan, Hacıqabul şəhər sakini, 1986-cı il təvəllüdlü kriminal dairələrdə “Şirinbala” ləqəbi ilə tanınan Səmədov Faiq Rahib oğlu satıb. Əməliyyatın davamı olaraq müəyyən edilib ki, F.Səmədova narkotik vasitəni yas məclislərində mollalıq edən “Kərbəlayi Valeh” kimi tanınan əvvəllər məhkum olunmuş Hacıqabul şəhər sakini, 1974-cü il təvəllüdlü Vəliyev Valeh Balaqardaş oğlu satıb. Sonuncunun üzərinə baxış keçirilən zaman ondan 32,332 qram narkotik vasitə olan heroin, 4,044 qram psixotrop maddə olan metamfetamin və üzərində heroin izi olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Həmçinin müəyyən edilib ki, V.Vəliyevə narkotik vasitələri Şirvan şəhər sakini, əvvəllər Rusiya federasiyasında məhkum olunan 1971-ci il təvəllüdlü kriminal dairələrdə “Hacı” ləqəbi ilə tanınan narkotacir Məmmədov Fərrux Məmməd oğlu  360 manata satıb. Sonuncu saxlanılarkən onun da üzərindən narkotik vasitə olan heroin və bir ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. (APA)

Kürdəmir icra başçısının aldığı rüşvətlər açıqlandı

Baş Prokurorluq Kürdəmir Rayon İcra Hakmiyyətində (RİH) keçirilən əməliyyatla bağlı rəsmi açıqlama yayıb.
Bildirilib ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Kürdəmir Rayon İcra Hakimiyyətində baş vermiş qanun pozuntularına dair aparılmış araşdırma nəticəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Aparılmış istintaqla Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərovun icra hakimiyyəti başçısının birinci müavini Tacəddin Novruzov, İcra hakimiyyəti başçısı Aparatının Ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Natiq Kərimov və icra hakimiyyətinin digər vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olmaqla və onlar vasitəsilə rayon ərazisində fəaliyyət göstərən səhiyyə, təhsil və digər dövlət müəssisələrindən, habelə bir sıra özəl müəssisələrdən müxtəlif məbləğdə pul vəsaitlərini, eləcə də, dövlətin mənafeyinə ağır nəticələrə səbəb olan mühüm zərər vuran digər qanunsuz hərəkətlər etməsinə əsaslı şübhələr müəyyən edilib.

Belə ki, istintaqla həmin şəxslərin birbaşa və icra hakimiyyətinin digər vəzifəli şəxsləri vasitəsilə ayrı-ayrı vaxtlarda rayon ərazisində fəaliyyət göstərən səhiyyə müəssisələrindən ümumilikdə 137 min manat, Kommunal Müəssisələr Kombinatından 58 min manat, rayon ərazisində fəaliyyət göstərən təhsil müəssisələrindən 120 min manat, “Azbiyan” Məhdud Məsuliyyətli Cəmiyyətindən 71 min manat məbləğində vəsaiti rüşvət qismində istəyərək almalarına əsaslı şübhələr müəyyən edilib.
Qeyd edilənlərə əsasən, 19 avqust 2020-ci ildə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən Kürdəmir Rayon İcra Hakimiyyətinin İnzibati binasında, habelə rayonun Suvarma sistemləri və Yaşıllaşdırma idarələrində, Kommunal Müəssisələri Kombinatında və Kürdəmir şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində əməliyyat-istintaq tədbirləri keçirilmiş, görülmüş tədbirlər nəticəsində həmin şəxslər tutularaq, Ceyhun Cəfərov, Tacəddin Novruzov və Natiq Kərimov Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 311.3.1 (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və 311.3.3-cü (rüşvət alma külli miqdarda törədildikdə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barələrində Binəqədi Rayon Məhkəməsinin müvafiq qərarları ilə həbs-qətimkan tədbiri seçilib.

Hazırda Kürdəmir Rayon İcra Hakimiyyətinin tabeliyindəki qurumlarda və rayon ərazisində fəaliyyət göstərən digər qurumların fəaliyyətində yol verilmiş qanun pozuntularının araşdırılması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

İş üzrə təqsirləndirilən şəxslərin dairəsinin dəqiq müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb edilmələri və istintaqın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat verilməsi təmin ediləcək.

Lənkəranskinin qardaşı
Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyev Lotu Qulinin (Nadir Səlifovun) Türkiyədə öldürülməsindən danışıb.

Unikal.org-a açıqlama verən Namiq Canıyev bildirib ki, Rövşən Lənkəranski ilə Loti Quli dost olub:

"Onun öldürülməsindən xəbərim yoxdur. Allah rəhmət eləsin!"

Qatil
Xəbər verdiyimiz kimi, azərbaycanlı "Lotu Quli" ləqəbli "qanuni oğru" Nadir Səlifov Türkiyənin Antalya şəhərində qətlə yetirilib.

 Unikal.org "Lotu Quli"ni qətlə yetirən şəxsin videsounu əldə edib. Belə ki, videoda  "Lotu Quli"ni öldürən Xan Əhmədlinski ləqəbli kriminal avtoritet Nadir Səlifovla eyni oteldə olduqları əks olunur.

Əli Həsənovun vəziyyəti ağırlaşdı

Prezidentin keçmiş köməkçisi Əli Həsənovun səhhətində ciddi problemlər yaranıb və təcili olaraq Türkiyəyə yola salınıb.
'Ailə üzvlərinin verdiyi məlumata görə, son bir neçə həftə ərzində Ə.Həsənovun ürək-damar sistemindəki problemlər kəskin şəkildə özünü büruzə verməyə başlamış və ev şəraitində müalicə almışdı.

Dünən gecə isə səhhəti qəflətən pisləşdiyinə görə Türkiyəyə yola salınıb və xəstəxanaya yerləşdirilib. Məlumata görə, Ə.Həsənov ciddi ürək çatışmazlığından, kəskin aritmiya və damar keçirməzliyindən əziyyət çəkir.
Qeyd edək ki, Ə.Həsənov 2013-cü ildə infarkt keçirdikdən sonra təcili olaraq Almaniyaya aparılıb və bir ayın içərisində iki dəfə açıq ürək əməliyyatı edilib.

(Vətəninfo.com)

Türkiyə mediası, Antalyada azərbaycanlı avtoritet "Lotu Quli" -nin öldürüldüyü hadisə yerindən video yayıb. Eyni zamanda həmin yerdə təhlükəsizlik qüvvələri tərəfindən  xüsusi əməliyyat keçirilib.(Day.az)

Saxlanılan icra başçısı bu maddələrlə ittiham olunur

Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Kürdəmir Rayon İcra Hakimiyyətində keçirilən əməliyyat zamanı saxlanılan icra başçısı Ceyhun Cəfərova irəli sürülən ittihamlar məlum olub.

“Report” xəbər verir ki, C.Cəfərov 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma) və 311.3.3-ci (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham edilir.

Qeyd edək ki, avqustun 19-da Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Kürdəmir rayon İcra Hakimiyyətində əməliyyat keçirilib.

Əməliyyat zamanı icra başçısı ilə yanaşı, başçının birinci müavini Tacəddin Novruzov, ərazi idarəetmə şöbəsinin müdiri Natiq Kərimov və digər vəzifəli şəxslərin saxlanıldığı bildirilir.

“Lotu Quli”nin qətlinə görə daha bir nəfər saxlanıldı

Kriminal avtoritet “Lotu Quli”nin qətli ilə bağlı yeni məlumat yayılıb.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Nadir Səlifovun qətlinə görə daha bir nəfər saxlanılıb.

Bildirilir ki, Antalyanın Serik mahalında “qanuni oğru”nu öldürən və qaçan iki şübhəli - 25 yaşlı “Xan Əhmədlinski” (Xəqan Zeynalov) ilə 26 yaşlı Əmir Əhmədli səhərə yaxın Denizlide saxlanılıb. Şübhəli şəxslər yüksək təhlükəsizlik tədbirləri altında zirehli avtomobildə Antalyaya aparılıb.

 

“Qanuni oğru”ları niyə eyni gündə öldürdülər?

Azərbaycanlı "qanuni oğru" Nadir Səlifov Türkiyənin Antalya şəhərində qətlə yetirilib.

"Qafqazinfo" xəbər verir ki, bu, son 7 il ərzində Türkiyədə sui-qəsd nəticəsində qətlə yetirilən üçüncü azərbaycanlı "qanuni oğru"dur.

Belə ki, bundan 7 il öncə kriminal aləmdə "Qoca Yasamalski" kimi tanınan Əlibala Həmidov Türkiyədə qətlə yetirilib. İddialara görə, "Qoca"nı öldürməyi Lənkəranski əmr edib. 18 avqust 2013-cü ildə altı nəfər maskalı silahlı şəxs İstanbulun Baxçaşəhər səmtindəki yaşayış binasının ərazisinə daxil olaraq bir neçə atəşlə Həmidovu və onun 29 yaşlı rəfiqəsi, Rusiya vətəndaşı Asiyət Alaşovanı ağır yaralayıb. Həmidov xəstəxanaya aparılarkən yolda ölüb və ölərkən Alaşovaya sadəcə bir kəlmə — Rövşən deyib.

Fotoda Əlibala Həmidov

Həmin hadisədən 3 il sonra, yəni 2016-cı ildə isə məşhur "qanuni oğru", kriminal aləmdə Rövşən Lənkəranski kimi tanınan Rövşən Caniyev İstanbulun Beşiktaş rayonunda uğradığı sui-qəsd nəticəsində öldürülüb.

Əlibala Həmidov Nadir Səlifovun klanına daxil olub. Elə buna görə də iddia olunur ki, Quli Bakıdakı 8 saylı cəzaçəkmə müəssisəsində oturarkən Həmidovun ölümünə görə Canıyevi aradan götürməyi əmr edib.

Burada ən maraqlı məsələ hər üç "qanuni oğru"nun ölüm tarixləridir. Belə ki, Lənkəranski və Qoca Yasamalski 18 avqustda, Nadir Səlifov isə 19 avqustda öldürülüb. Bu isə qisas iddialarını bir qədər gücləndirən məqamdır.

Lakin Canıyev öldürülən zaman həbsdə olan Səlifov Lənkəranskinin qətlə yetirilməsində təəssüfləndiyini qeyd edib. Bu barədə "Lotu Quli"nin vəkili Təranə Əliyeva mətbuata açıqlamasında bildirmişdi:

“Biz Nadir Səlifovla o barədə söhbət etdik. O, Rövşən Lənkəranskinin ölüm xəbərinə çox pis oldu. Onların arasında elə bir problem yox idi. Bu xəbəri cəzaçəkmə müəssisəsinin işçilərindən öyrənib, təəssüf və təəccüblə qarşılayıb".

Amma buna baxmayaraq, "Lotu Quli"yə qarşı qisas məqsədi ilə sui-qəsd planı hazırlanıb. Belə ki, 2017-ci ilin noyabrnda İstanbulun Bahçelievler bölgəsində yerləşən AVM-də keçirilən əməliyyat zamanı bir qrup şəxs saxlanılıb. Əməliyyat nəticəsində saxlanılanlar arasında Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyev və Lənkəranskinin killeri kimi tanınan "Hacı Beyləqanski" də ( Hacıbaba Talıbxanlı) olub.

Solda Namiq Caniyev, sağda Hacıbaba Talıbxanlı

Həmin vaxt Türkiyə mətbuatının yaydığı məlumata görə, Namiq Canıyev “Lotu Quli”dən qardaşının qisasını almaq üçün mütəşəkkil cinayətkarlıq dəstəsi “Şirinlər”lə  5 milyon dollar qarşılığında anlaşıb.

Lakin, qardaş ölkənin hüquq-mühafizə orqanlarının əməkdaşları sui-qəsddən xəbər tutaraq onları saxlayıb. Onlar bir müddət sonra məhkəmənin qərarı ilə sərbəst buraxılıblar.

Onu da qeyd edək ki, Nadir Səlifov 2018-ci ilin oktyabrında Türkiyədə saxlanılıb. Həmin vaxt Silivri həbsxanasında saxlanılan Qulinin Rusiyaya ekstradisiyası gözlənilsə də, o, qısa müddət sonra sərbəst buraxılıb. Ölkədən deport edilən Səlifov bu müddət ərzində, Çernoqoriya və BƏƏ-də olub. Onun qeyri-qanuni yolla Türkiyəyə yenidən qayıtdığı bildirilir.

Xatırladaq ki, Nadir Səlifov Moskvada adam oğurluğu və hədə-qorxu ilə insanlardan pul almaqda təqsirli bilinirdi. O, qiyabi olaraq Rusiya Federasiyası Cinayət Məcəlləsinin 126 və 163-cü maddələri ilə ittiham olunurdu. Bu ittihamlarla Rusiya “Lotu Quli” barəsində beynəlxalq axtarış elan etmişdi.

Xəbər lenti